İnstagram gizli çəkilişlərə görə hesabları bloklamağa başladı –Meta-dan sərt qərar

Meta şirkəti ağıllı eynəklərlə insanların razılığı olmadan çəkilmiş videoları paylaşan Instagram istifadəçilərinin hesablarını bloklamağa başlayıb.

Azpost.info bildirir ki, Business Insider nəşrinin məlumatına görə, bu addım platformanın uzun müddət belə videoların geniş yayılmasına göz yummasından sonra siyasətində ciddi dəyişiklik olduğunu göstərir. Söhbət insanların xəbəri olmadan çəkildiyi və sonradan sosial şəbəkələrdə yayımlandığı videolardan gedir.

Instagram rəhbəri: İnsanların gizli çəkilməsinə icazə verməyəcəyik

Instagram-ın rəhbəri Adam Mosseri yayımladığı videomüraciətdə bildirib ki, platforma insanların istismarı və ya təqibi ilə bağlı məzmunun paylaşılmasına imkan verməyəcək. Onun sözlərinə görə, tanışlıq cəhdləri (“pickup”), müxtəlif zarafatlar və insanların gizli şəkildə çəkilərək alçaldıldığı və ya psixoloji təzyiqə məruz qaldığı videolar silinəcək. “İnsanların başqalarını gizli şəkildə çəkməsini, onları təqib etməsini və sonra bu görüntüləri Instagram-da paylaşmasını istəmirik”, – deyə Adam Mosseri bildirib.

Gizli çəkilişlər adi hala çevrilmişdi

Son dövrlərdə bir çox kontent müəllifi ağıllı eynəklərdən istifadə edərək xidmət sektorunda çalışan əməkdaşlarla zarafatlar edir, küçədə təsadüfi insanları gizli şəkildə çəkir, insanların razılığı olmadan onları videoların iştirakçısına çevirirdi.

Bir çox hallarda bu “zarafatlar” etik sərhədləri aşaraq təqib və şəxsi həyata müdaxilə kimi qiymətləndirilirdi.

Qadınların gizli çəkilməsi etirazlara səbəb olub

Xüsusilə kişilərin ictimai yerlərdə qadınlarla ünsiyyətlərini gizli şəkildə lentə alaraq paylaşması sosial şəbəkələrdə ciddi tənqid olunub. Bu səbəbdən internet istifadəçiləri həmin ağıllı eynəkləri “pozğun eynəyi” və ya “ovçu eynəyi” kimi adlandırmağa başlayıblar. Bu da məhsulun nüfuzuna mənfi təsir göstərib.

Artıq ilk hesablar bloklanıb

Meta silinən videoların və bloklanan hesabların dəqiq sayını açıqlamayıb. Lakin məlumata görə, qadınların gizli çəkildiyi videoları paylaşan ən azı iki məşhur Instagram hesabı artıq deaktiv edilib.

Şirkət bildirib ki, bu qərar istifadəçiləri təqib edən məzmunun paylaşılması səbəbindən qəbul olunub.

Meta yeni müdafiə sistemi tətbiq edib

Şirkət ağıllı eynəklərin proqram təminatını da yeniləyib. Yeni sistem çəkiliş zamanı yanan LED indikatorunun üzərinin örtüldüyünü və ya dəyişdirildiyini aşkar edərsə, eynəyin kamerasını avtomatik söndürür.

Bundan əvvəl bəzi istifadəçilər indikatoru görünməz etmək üçün üzərini lentlə bağlayır, stiker yapışdırır, hətta cihazı fiziki olaraq dəyişdirirdilər. Bundan başqa, gizli çəkiliş üçün bu müdafiə sistemini sındırmağı təklif edən qeyri-rəsmi xidmətlər də meydana çıxmışdı.

Problem tam həll olunmayıb

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, LED indikatoru kifayət qədər kiçik olduğundan, xüsusilə gün işığında və parlaq mühitdə onu görmək həmişə mümkün olmur.

Meta ümid edir ki, yeni proqram yeniləməsi ağıllı eynəklərdən gizli çəkiliş məqsədilə istifadə edilməsini xeyli çətinləşdirəcək.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.