Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyən açıqlaması Türkiyədə müzakirələrə səbəb olub. Bəzi türk mediası və sosial şəbəkə istifadəçiləri rəsmi Bakını Türkiyənin mümkün namizədi Feridun Sinirlioğluna deyil, BƏƏ-nin namizədinə üstünlük verməkdə ittiham edirlər.
Lakin mübahisənin diqqətdən kənarda qalan əsas məqamı var: Türkiyə Feridun Sinirlioğlunun namizədliyini hələ rəsmən irəli sürməyib. Belə olan halda Azərbaycanın hansısa rəsmi namizədə dəstək verməməsindən danışmaq nə dərəcədə əsaslıdır?
APA-nın təhlilində bu məsələyə diqqət çəkilir və Azərbaycan əleyhinə başladılan kampaniyanın arxasında diplomatik prosedurların təhrif edildiyi bildirilir. Məsələnin mahiyyəti Azərbaycanın Türkiyə namizədini rədd etməsi deyil, rəsmi namizədliyi olmayan bir şəxsə dəstək vermək öhdəliyinin mövcud olmamasıdır.
Türkiyə Sinirlioğlunun namizədliyini niyə rəsmiləşdirməyib?
BMT-nin Baş katibi vəzifəsinə seçki prosesi konkret beynəlxalq prosedurlara əsaslanır. BMT-nin rəsmi qaydalarına görə, namizəd bir üzv dövlət və ya bir neçə dövlət tərəfindən irəli sürülməli, namizədlik BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının prezidentlərinə rəsmi məktubla təqdim edilməlidir. Namizədin tərcümeyi-halı və fəaliyyət proqramı da bu müraciətə əlavə olunmalıdır.
Hazırda BƏƏ bu proseduru yerinə yetirib. Ölkə Lana Zəki Nusseibehin namizədliyini oktyabrın 21-də rəsmən təqdim edib və onun adı BMT-nin namizədlərin rəsmi siyahısına daxil edilib. Türkiyənin isə Feridun Sinirlioğlunu bu vəzifəyə namizəd göstərməyi nəzərdən keçirdiyi barədə məlumatlar yayılsa da, onun namizədliyi rəsmiləşdirilməyib. Associated Press də Ankara tərəfindən belə bir qərarın hələ qəbul edilmədiyini yazıb.
Deməli, Azərbaycanın XİN-inin BƏƏ-nin rəsmi təşəbbüsünü alqışlaması ilə Türkiyənin mümkün namizədinə dəstək verməməsi arasında ziddiyyət yoxdur. Çünki birinci halda rəsmi müraciət və namizədlik mövcuddur, ikinci halda isə hələlik yalnız mümkün namizəd ətrafında müzakirələr aparılır.
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə oktyabrın 27-də açıqlamasında da hər hansı namizədin adından daha çox seçim prosesinin prinsiplərini önə çəkib. O, namizədlərin peşəkarlığı, diplomatik təcrübəsi, qərəzsizliyi və üzv dövlətlər arasında konsensus yaratmaq qabiliyyətinin əsas götürülməli olduğunu bildirib.
Sinirlioğlunun Azərbaycan üçün mübahisəli siyasi keçmişi
APA-nın təhlilində diqqət çəkilən digər məqam Feridun Sinirlioğlunun Türkiyənin xarici siyasətində tutduğu mövqe və Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinə yanaşmasıdır.
Təhlildə qeyd olunur ki, Sinirlioğlu 2018-ci ildə, Azərbaycanın ərazilərinin işğal altında olduğu dövrdə Ermənistanla Türkiyə sərhədinin açılması ideyasını müdafiə edən şəxslərdən biri olub. Müəllifin qənaətinə görə, İkinci Qarabağ müharibəsindən sonra da onun Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində tutduğu mövqe Azərbaycanın maraqları ilə üst-üstə düşməyib.
Bu kontekstdə Sinirlioğlunun beynəlxalq vəzifələrə namizədliyinə münasibətdə Azərbaycanın öz milli maraqlarını və regional siyasi reallıqları nəzərə almasının vacibliyi vurğulanır.
