Magistraturada 3 mindən çox boş yerə yenidən müsabiqə keçiriləcək –Məleykə Abbaszadə

2026-cı il üzrə magistraturaya qəbulun nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə qəbulun yekunları ilə bağlı statistik göstəriciləri və təhlilləri ictimaiyyətlə bölüşüb.

Onun sözlərinə görə, bu il magistraturaya qəbul üçün ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub.

Məleykə Abbaszadə bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu tutulub. Onlardan 7 ali təhsil müəssisəsində isə qəbul göstəricisi 90 faizdən yuxarı olub.

DİM sədrinin sözlərinə görə, qəbul proqramları üzrə də müsbət nəticələr qeydə alınıb. Belə ki, 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub.

O qeyd edib ki, qəbul olunanların qeydiyyat prosesi başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boşalan yerlərlə bağlı ayrıca məlumat veriləcək.

Məleykə Abbaszadə vurğulayıb ki, həmin vakant yerlər üzrə yenidən müsabiqə təşkil olunacaq.

DİM sədri əvvəlki illərin nəticələri və təhlilləri ilə maraqlanan şəxslərə “Abituriyent” jurnalının 12-ci nömrəsinin 350–387-ci səhifələrinə baxmağı tövsiyə edib.

O, həmçinin nəticələr və aparılan təhlillərlə bağlı rəy və təklifləri olan ekspertləri əməkdaşlığa dəvət edərək, fikirlərin info@dim.gov.az elektron poçt ünvanına göndərilə biləcəyini bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.