İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İranla bağlı üç mümkün fəaliyyət ssenarisini müzakirə ediblər.
Bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton hazırda İranla bağlı üç əsas variantı nəzərdən keçirir: kompromis razılaşmasının əldə olunması, blokada və iqtisadi təzyiq siyasətinin davam etdirilməsi, yaxud genişmiqyaslı hərbi əməliyyatlara başlanması.
Mənbələrin bildirdiyinə görə, danışıqlar zamanı Benyamin Netanyahu Donald Trampa bir sıra alternativ təkliflər təqdim edib. Lakin bu təkliflərin məzmunu açıqlanmayıb.
İsrailin baş naziri eyni zamanda ABŞ prezidentinə yəhudi dövlətinin yekun qərarı Vaşinqtondan gözlədiyini çatdırıb.
İsrailli mənbələrdən biri bildirib ki, İranla hazırkı qarşıdurmada Donald Tramp “böyük tərəfdaş”, Benyamin Netanyahu isə “kiçik tərəfdaş” rolunda çıxış edir.
Xatırladaq ki, ABŞ və İran arasında növbəti gərginlik dalğası iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib. Vaşinqton bunu Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab kimi əsaslandırıb.
Elə həmin gün Donald Tramp İranla qüvvədə olan atəşkəsin başa çatdığını bəyan edib.
Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.