İqtisadiyyat Nazirliyi “Bakı Qızlar Universiteti” MMC-nin xüsusi lisenziyasının ləğv edildiyini açıqlayıb.
AzPost xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, qərar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təqdimatı əsasında qəbul edilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin 22 iyul 2026-cı il tarixli 88 nömrəli Sərəncamı ilə universitetin lisenziyası əvvəlcə dayandırılıb.
Nazirliyin açıqlamasına əsasən, bu müddət ərzində universitet tərəfindən lisenziyanın dayandırılmasına səbəb olan pozuntuların aradan qaldırılması ilə bağlı əlavə məlumat təqdim edilməyib.
Bu səbəbdən Elm və Təhsil Nazirliyinin növbəti təqdimatı əsasında İqtisadiyyat Nazirliyinin 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Bakı Qızlar Universiteti” MMC-nin xüsusi lisenziyası ləğv edilib.
Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, dövlət təhlükəsizliyi və maliyyə bazarları sahəsi istisna olmaqla, 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaların verilməsi, dayandırılması və ləğvi aidiyyəti dövlət qurumlarının rəyi və təqdimatı əsasında İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Xatırladaq ki, Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir.
10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.
Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə “uyğun deyil” olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.
Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.