Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi, iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri müzakirə olunub.
Liderlər müzakirələr zamanı 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanıblar.
Görüşdə diqqət çəkən məsələlərdən biri Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə yük daşımaları olub. Tərəflər yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranzitini müsbət hal kimi qiymətləndiriblər.
Bildirilib ki, ötən ilin noyabr ayından indiyədək Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bu, iki ölkə arasında nəqliyyat və tranzit əlaqələrinin inkişafı istiqamətində əldə olunan praktiki nəticələrdən biri kimi qeyd edilib.
İlham Əliyev və Nikol Paşinyan, həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı ilə bağlı irəliləyişləri müzakirə ediblər. Marşrutun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi, eləcə də bu xətt boyunca tranzit əlaqələrinin perspektivləri diqqət mərkəzində olub.
Tərəflər Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər. Gələcəkdə iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ətraf mühit və transsərhəd su ehtiyatları ilə bağlı əməkdaşlığın əhəmiyyəti də vurğulanıb. Liderlər transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını müsbət qiymətləndiriblər.
İlham Əliyev və Nikol Paşinyan sülh prosesində müsbət dinamikanın qorunmasının, regionda sabitlik və rifahın möhkəmləndirilməsi üçün dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
