“Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən, cəmiyyətdə ənənəvi ailə dəyərlərinin qorunmasına və nəsillərarası dialoqun təşviqinə həsr olunmuş layihə uğurla başa çatıb.
Layihənin mövzuları cəmiyyətdə aparılmış sosioloji tədqiqatların nəticələri əsasında müəyyənləşdirilib. Araşdırmalar ailə institutunun möhkəmləndirilməsi, nəsillərarası münasibətlərin inkişafı, yaşlı insanların həyat təcrübəsinin gənc nəslə ötürülməsi, qarşılıqlı hörmət və yaşlı nəslin cəmiyyətdəki rolunun daha geniş müzakirəsinə ehtiyac olduğunu göstərib. Məhz bu nəticələr nəzərə alınaraq layihə çərçivəsində podkast seriyası hazırlanıb.
Podkast çəkilişlərində 5 yaşlı və 5 gənc nəslin nümayəndəsi iştirak edərək seçilmiş mövzular ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı fərqli baxış bucaqları dinlənilib, ortaq dəyərlər ön plana çıxarılıb, nəsillər arasında qarşılıqlı anlaşmanın və dialoqun cəmiyyətin inkişafı üçün əhəmiyyəti vurğulanıb.
Layihənin əsas məqsədi yaşlı və gənc nəsillər arasında ünsiyyəti gücləndirmək, yaşlı insanların zəngin həyat təcrübəsinin gənc nəslə ötürülməsini təşviq etmək, ailə institutunun möhkəmləndirilməsinə və qarşılıqlı hörmət mədəniyyətinin formalaşmasına töhfə verməkdir.
Layihə nəticəsində hazırlanan podkast seriyasının ailə dəyərlərinin təbliğinə, yaşlı nəslin cəmiyyətdəki roluna diqqətin artırılmasına, nəsillərarası dialoqun inkişafına və ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
“Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi gələcəkdə də cəmiyyətin aktual sosial ehtiyaclarına əsaslanan, yaşlı insanların sosial fəallığının artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və ailə dəyərlərinin qorunmasına xidmət edən layihələrin həyata keçirilməsini davam etdirməyi hədəfləyir.