Hamilə qadınlara və atalara neçə gün ödənişli məzuniyyət verilir?– Rəsmi açıqlama

Azərbaycanda işləyən qadınlara hamiləlik və doğuşla əlaqədar 126 təqvim günü ödənişli məzuniyyət verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, bu müddətin 70 təqvim günü doğuşdan əvvəl, 56 təqvim günü isə doğuşdan sonra nəzərdə tutulur.

Nazirlik bildirib ki, doğuş gözlənilən tarixdən daha gec baş verdiyi hallarda qadının doğuşdan əvvəlki məzuniyyəti faktiki doğuş gününədək ödənişli şəkildə uzadılır. Bu zaman doğuşdan sonrakı 56 günlük məzuniyyət müddəti azaldılmır.

Rəsmi məlumata əsasən, iki aylığadək uşağı övladlığa götürən qadınlar da doğuşdan sonrakı dövr üçün nəzərdə tutulan 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

ƏƏSMN onu da qeyd edib ki, uşağın doğulması ilə əlaqədar atalara da ödənişli məzuniyyət verilir. Tibb müəssisəsinin arayışı əsasında kişilər doğuşdan əvvəl və doğuşdan sonrakı dövrdə ümumilikdə 14 təqvim günü ödənişli məzuniyyət ala bilərlər.

Bundan başqa, uşağa birbaşa qulluq edən valideynlərdən biri, o cümlədən uşağı övladlığa götürən qadınlar və ya ailənin digər üzvü uşaq üç yaşına çatanadək ona qulluq etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulan məbləğdə müavinət ödənilməklə qismən ödənişli sosial məzuniyyət hüququndan yararlana bilər.

ƏƏSMN vətəndaşlara əmək və sosial təminatla bağlı hüquqlarını bilməyi və bu hüquqlardan qanunvericiliyə uyğun şəkildə istifadə etməyi tövsiyə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.