ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici aktivlərini almağa hazırlaşır.
“Reuters”in danışıqların gedişi ilə tanış olan dörd mənbəyə istinadən yaydığı məlumata görə, sövdələşmənin dondurulmuş qiymətli kağızların aktivlərlə dəyişdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulur. Razılaşma yaxın həftələrdə bağlana bilər.
Agentliyin üç mənbəsinin sözlərinə görə, konsorsium adından fəaliyyət göstərən bank artıq Qərb investisiya fondlarından “Lukoyl”un milyardlarla dollar dəyərində dondurulmuş qiymətli kağızlarını alıb. Bu kağızların şirkətin xaricdəki aktivləri ilə dəyişdirilməsi planlaşdırılır.
“Lukoyl”un xarici aktivlər portfelinə Avropa, Yaxın Şərq və Afrikadakı neft yataqları, neft emalı zavodları və yanacaqdoldurma məntəqələri daxildir. Əvvəlcə bu portfelin dəyəri 22 milyard dollar qiymətləndirilirdi. Lakin bəzi aktivlərin fəaliyyətinin dayandırılması da daxil olmaqla müxtəlif səbəblərdən onun dəyəri sonradan azalıb.
Konsorsiuma ABŞ-ın beysbol klubu “Los Angeles Dodgers” və basketbol komandası “Los Angeles Lakers” də daxil olmaqla bir sıra idman komandalarında pay sahibi olan Todd Boeli, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin “International Holding Company” və “Al Hail Holding” investorları daxildir.
Təklifə Suriya-Qətər mənşəli Əl-Həyat qardaşları və ABŞ-ın Beynəlxalq Maliyyə İnkişafı Korporasiyası (DFC) da dəstək verir.
“Lukoyl”un xarici aktivlərinin satışı ABŞ-ın 2025-ci ilin oktyabrında şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayıb. Dekabrda ABŞ Maliyyə Nazirliyi başqa bir investor qrupunun ilkin təklifini rədd edib. Buna səbəb şirkətin satışdan əhəmiyyətli maliyyə gəliri əldə etməməli olduğu barədə mövqe olub.
Boelinin rəhbərlik etdiyi konsorsium isə qiymətli kağızları birbaşa “Lukoyl”a vermək əvəzinə, onları eskrou hesabında yerləşdirməyi təklif etməklə danışıqlarda irəliləyə bilib. Bu mexanizm şirkətin sövdələşmədən əldə edilən vəsaitə çıxış imkanını məhdudlaşdırmalıdır.
“Reuters”in məlumatına görə, konsorsiumun bankı qiymətli kağızları təxminən on ABŞ və Britaniya investisiya fondundan, eləcə də onları fərdi investorların maraqları naminə saxlayan ABŞ depozitar banklarından alıb.
Alış qiyməti nominal dəyərin hər bir dollarına görə təxminən 30 sent təşkil edib. Bu, aktivlərin sanksiya statusu ilə əlaqədar tətbiq olunan ciddi endirimdir.
Sövdələşmə baş tutarsa, bu, Qərb sanksiyalarının böyük Rusiya şirkətini xarici aktivlərini satmağa məcbur etmək və eyni zamanda Rusiyaya maliyyə vəsaitlərinin daxil olmasını məhdudlaşdırmaq gücünü yoxlayan mühüm sınaq olacaq.
