Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri yaxınlığındakı Arxipo-Osipovka kəndində çimərlik ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Azpost.info xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində təxminən 40 nəfər xəsarət alıb, onlardan 17-si Gelencik, Tuapse və Qoryaçi Klyuç şəhərlərindəki tibb müəssisələrinə yerləşdirilib.
Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi Aleksey Kuznetsov isə bildirib ki, ağır yaralananlar arasında iki uşaq da daxil olmaqla dörd nəfərin vəziyyəti ağırdır.
Daha sonra Gelencik meri Aleksey Boqodistov yaralıların sayının 47 nəfərə yüksəldiyini açıqlayıb.
Hadisə ilə bağlı yayılan video və fotolarda təyyarə tipli pilotsuz uçuş aparatının insanların istirahət etdiyi çimərlik ərazisinə düşdüyü görünür. Kadrlarda atəş səsləri də eşidilir. Bir sıra media orqanları bunun hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğunu iddia edir.
Qubernatorun ilkin məlumatına görə, hadisə PUA qalıqlarının çimərliyə düşməsi nəticəsində baş verib və hücumun mülki infrastruktura yönəldiyi bildirilir. Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Sosial şəbəkələrdə hadisə şahidləri və turistlər hücumdan əvvəl hava həyəcanı siqnalının verilmədiyini, sirenaların səslənmədiyini və çimərlikdən təxliyənin aparılmadığını bildiriblər.
Yerli mənbələrin məlumatına görə, hadisə xalq arasında “Proxorov çimərliyi” kimi tanınan, rəsmi adı “Norilsk Nikel” olan çimərlikdə baş verib. Şahidlərin sözlərinə əsasən, əraziyə iki pilotsuz uçuş aparatı yaxınlaşıb, onlardan biri vurulub.
Bəzi hərbi analitiklər isə hesab edirlər ki, pilotsuz uçuş aparatının çimərliyə düşməsinə hava hücumundan müdafiə vasitələrinin açdığı atəş nəticəsində zədələnməsi səbəb ola bilər. Bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.