Rusiya-Ukrayna danışıqları üçün son fürsət yaxınlaşır –ABŞ-dan xəbərdarlıq

Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla nizamlanması üçün imkan hələ də qalır. Lakin Vaşinqton yaxın vaxtlarda vasitəçilik səylərini bərpa etməsə, bu fürsət əldən çıxa bilər.

Azpost.info bildirir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Corc Buş administrasiyasında Rusiya məsələləri üzrə Ağ Evin baş eksperti olmuş Tomas Qrem The New York Times qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp diqqətini İran böhranına yönəltdiyi üçün həm Kiyevin, həm də Moskvanın ABŞ-ın vasitəçiliyi ilə danışıqlara marağı tədricən azalır.

Müharibə daha təhlükəli mərhələyə keçir

Tomas Qrem hesab edir ki, müharibə qarşılıqlı daha güclü zərbələr mərhələsinə daxil olub.

Onun fikrincə, Ukrayna Rusiyanın dərinliklərində yerləşən hərbi və enerji obyektlərinə hücumları artırır. Rusiya isə Ukraynanın hava hücumundan müdafiə raketlərinin çatışmazlığından istifadə edərək kritik infrastruktura zərbələri gücləndirir.

Ekspert əlavə edir ki, raket və pilotsuz uçuş aparatlarının NATO ölkələrinin hava məkanını mütəmadi pozması alyansın münaqişəyə cəlb olunması riskini də artırır.

Hər iki tərəf resurs çatışmazlığı ilə üzləşir

Məqalədə qeyd olunur ki, həm Rusiya, həm də Ukrayna resurslarının tükənməsi problemi yaşayır. Ukrayna orduda şəxsi heyət çatışmazlığı ilə üzləşib və müharibənin uzanması milyonlarla qaçqının geri qayıtmaması riskini artırır. Rusiya isə demoqrafik böhran, artan hərbi xərclər və ABŞ ilə Çinlə müqayisədə texnoloji geriləmə problemi ilə qarşılaşır.

Hər iki lider bunu qələbə kimi təqdim edə bilər

Tomas Qremin fikrincə, döyüşlərin indi dayandırılması həm Volodimir Zelenski, həm də Vladimir Putin üçün siyasi baxımdan sərfəli ola bilər. Zelenski bunu Ukraynanın suverenliyinin, müstəqilliyinin və Avropa istiqamətinin qorunması kimi təqdim edə bilər. Putin isə Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdlərinin qarşısının alındığını bəyan edə bilər.

ABŞ əsas vasitəçi hesab olunur

Ekspert hesab edir ki, Kiyev, Moskva və Avropa paytaxtları ilə eyni vaxtda işləmək üçün lazım olan siyasi çəkiyə yalnız ABŞ malikdir. Onun fikrincə, Avropa ölkələri təhlükəsizlik təminatları və sonrakı yardım mərhələsində iştirak edə bilər. Çünki Moskva Avropanı neytral vasitəçi hesab etmir.

Tomas Qrem ilk addım kimi Donald Trampa xüsusi nümayəndələr Stiv UitkoffCared Kuşneri Kiyev və Moskvaya göndərərək “məkik diplomatiyası”na başlamağı tövsiyə edib.

Bu arada ABŞ dövlət katibi Marko Rubio da Vaşinqtonun tərəflərin mövqelərini təhlil etdiyini və yaxın həftələrdə Kiyev və Moskvanın “qırmızı xətləri”nin yaxınlaşdırılması üçün real imkanın olub-olmadığını araşdırdığını bildirib.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.