İranda Hörmüz boğazının idarə olunması ilə bağlı hazırlanan strateji layihənin ilkin detalları açıqlanıb. Layihəyə əsasən, ABŞ, İsrail və bəzi digər ölkələrə məxsus gəmilərin boğazdan keçidinə qadağa qoyulması nəzərdə tutulur.
Bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi “Tasnim” agentliyinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, parlamentin Milli Təhlükəsizlik Komissiyasında müzakirə olunan “Hörmüz boğazı və Fars körfəzinin davamlı təhlükəsizliyinin təmin edilməsi və inkişafı üzrə strateji tədbirlər” layihəsinin ilkin variantında bir sıra ciddi məhdudiyyətlər əks olunub.
Səlimi bildirib ki, layihəyə əsasən ABŞ-a, İsrailə və bəzi digər ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidi qadağan edilə bilər.
Bundan əlavə, İsraillə əlaqəli hərbi və mülki yüklərin də bu marşrutdan istifadə etməsinə icazə verilməyəcək.
Parlament üzvü qeyd edib ki, “müqavimət cəbhəsi”nə qarşı əməliyyatlarda iştirak edən və ya bu əməliyyatlara dəstək verən gəmilər və yüklər də eyni qadağalara məruz qalacaq.
Layihədə həmçinin İrana zərər vurduğu bildirilən ölkələr və şəxslər tərəfindən dəyən ziyanın ödənilməyəcəyi təqdirdə onların Hörmüz boğazı və Fars körfəzi vasitəsilə keçidinə icazə verilməməsi də nəzərdə tutulur.
Səliminin sözlərinə görə, qaydaları pozanlar üçün ciddi maliyyə sanksiyaları tətbiq ediləcək. Belə ki, yükün dəyərinin 20 faizinə qədər cərimə nəzərdə tutulur.
Layihəyə əsasən, dövlət silahlı qüvvələrlə koordinasiyalı şəkildə naviqasiyanın idarə olunması, gəmilərin hərəkətinə nəzarət, Fars körfəzində təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi kimi vəzifələri öz üzərinə götürəcək.
Əlirza Səlimi vurğulayıb ki, sənəd hazırda ekspertiza mərhələsindədir və parlament layihənin təkmilləşdirilməsi üçün mütəxəssislərin rəy və təkliflərini gözləyir.