Ceyhun Bayramov Zelenski ilə görüşün detallarını açıqladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunub.

Bu barədə XİN rəhbəri sosial şəbəkədəki “X” hesabında paylaşım edib.

Ceyhun Bayramov bildirib ki, görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Nazirin sözlərinə görə, tərəflər siyasi dialoq, energetika, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bayramov qeyd edib ki, görüş zamanı Volodimir Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma prosesi barədə məlumatlandırıb.

Xarici işlər naziri həmçinin Ukrayna Prezidentinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.

“Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davam edən dəstəyimizə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirirəm”, – deyə Ceyhun Bayramov paylaşımında vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.