Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və iki ölkə arasında sülhün bərqərar olduğunu bildirib.
Paşinyan bu barədə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş nazirinin iştirakı ilə keçirilmiş üçtərəfli görüşün ildönümü münasibətilə Ermənistan xalqına müraciətində danışıb.
Baş nazirin sözlərinə görə, bir il əvvəl Donald Trampın təşəbbüsü və iştirakı ilə Ağ Evdə keçirilən görüşün nəticəsində Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub.
Paşinyan bildirib ki, Ermənistan tərəfi artıq 8 avqust tarixində Vaşinqtonda keçirilmiş görüşü “Sülh Sammiti”, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qəbul etdikləri və Donald Trampın şahid qismində imzaladığı birgə sənədi isə “Sülh Bəyannaməsi” adlandırır.
“Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hər kəs üçün görünən və hiss ediləndir”, – Paşinyan deyib.
“Sülh gündəliyində son nöqtəyə hələ çatılmayıb”
Ermənistan hökumətinin başçısı bununla yanaşı, sülh prosesində bütün məsələlərin yekunlaşmadığını da vurğulayıb.
O xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən paraflanmış “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” hələ imzalanmalı və ratifikasiya olunmalıdır.
Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin də davam etdirilməli olduğunu qeyd edib.
Baş nazir buna baxmayaraq, iki ölkə arasında münaqişə dövrünün artıq geridə qaldığını bildirib.
“Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub. O, gözünüzün qarşısındadır, həyatınızın və gündəlik həyatın bir hissəsinə çevrilib”, – Paşinyan vurğulayıb.
Trampa təşəkkür etdi
Nikol Paşinyan Ermənistan-Azərbaycan sülhünün bərqərar olmasına verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Ermənistanın Baş naziri müraciətinin sonunda həm Ermənistan, həm də Azərbaycan xalqlarını 8 avqust münasibətilə təbrik edib.
“Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm. Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm”, – Paşinyan bildirib.