Astara Gömrük İdarəsinin əməkdaşları İran–Rusiya marşrutu ilə hərəkət edən yük avtomobilində külli miqdarda narkotik vasitə aşkarlayıblar. 25 kiloqramdan çox qurudulmuş marixuana bibər yeşiklərinin alt hissəsində gizlədilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi yoxlanılıb.
Gömrük əməkdaşları avtomobili stasionar rentgen qurğusu və kinoloji xidmət itinin iştirakı ilə əsaslı yoxlamaya cəlb ediblər.
Yoxlama zamanı yükün içərisində şübhəli məqamlar müəyyənləşdirilib.
55 bağlamada narkotik aşkarlanıb
Ətraflı baxış zamanı bibərlə örtülmüş yeşiklərin alt hissəsində gömrük nəzarətindən gizlədilən bağlamalar aşkarlanıb.
Məlum olub ki, narkotik vasitə dördbucaqlı formada hazırlanmış 55 bağlamada gizlədilib.
Bağlamalardan ümumilikdə 25 kiloqram 75 qram xalis çəkidə qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsində araşdırma aparılır.
Narkotikin kim tərəfindən və hansı məqsədlə yükə yerləşdirildiyi, eləcə də onun son təyinat məntəqəsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmanın nəticələri əsasında hüquqi qiymət veriləcək.
