Son həftələr sosial şəbəkələrdə milyonlarla insanın diqqətini çəkən qəribə bir iddia sürətlə yayılıb. Paylaşımlarda bildirilir ki, guya 12 avqust 2026-cı ildə Yer kürəsi 7 saniyəlik cazibə qüvvəsini itirəcək, insanlar və əşyalar havaya qalxacaq, hətta bunun milyonlarla insanın həyatına təsir göstərə biləcəyi iddia olunur.
Bəzi paylaşımlar hadisənin dəqiq vaxtını da göstərir: 12 avqust saat 14:33 UTC, yəni Bakı vaxtı ilə 18:33. İddiaları daha inandırıcı göstərmək üçün isə guya NASA-nın “Project Anchor” adlı gizli layihəsinə istinad edilir.
Azpost.info “Astronomiya” onlayn jurnalına istinadən bildirir ki, faktlar göstərir ki, bu xəbərin elmi əsası yoxdur.
“Yer cazibəsini itirəcək” iddiası haradan yaranıb?
Mütəxəssislərin və beynəlxalq fakt-yoxlama platformalarının araşdırmalarına görə, NASA tərəfindən “Project Anchor” adlı belə bir layihənin mövcudluğunu təsdiqləyən heç bir sənəd yoxdur.
Həmçinin Yerin cazibə qüvvəsinin bir neçə saniyəlik də olsa yox olmasına səbəb ola biləcək hər hansı fiziki mexanizm də məlum deyil.
Əgər nəzəri olaraq Yer cazibəsini cəmi bir neçə saniyə itirsəydi, bunun nəticələri sadəcə insanların havaya qalxması ilə məhdudlaşmazdı. Atmosferdən okeanlara, peyklərdən planetin öz strukturuna qədər bütün sistemlərdə dağıdıcı dəyişikliklər baş verərdi.
Alimlər bildirirlər ki, belə bir hadisənin baş verməsi mümkün deyil.
Bəs niyə məhz 12 avqust?
Maraqlıdır ki, 12 avqust tarixi təsadüfən seçilməyib.
Həmin gün həqiqətən də dünyanın diqqətini cəlb edəcək böyük astronomik hadisə – tam Günəş tutulması baş verəcək.
Bu zaman Ay Yer ilə Günəş arasından keçərək Günəş diskinin böyük hissəsini örtəcək və kölgəsini Yer səthinə salacaq.
Tam tutulma əsasən Qrenlandiya, İslandiya, Şimali Rusiya, Atlantik okeanı, İspaniya və Portuqaliyanın bəzi hissələrində müşahidə olunacaq.
Dünyanın digər bölgələrində isə hadisə qismən tutulma kimi görünəcək.
Günəş tutulmasının əsas vaxtları
- Tam tutulmanın başlanğıcı: 16:58 UTC (Bakı vaxtı ilə 20:58)
- Maksimum mərhələ: 17:46 UTC (Bakı vaxtı ilə 21:46)
- Tam tutulmanın sonu: 18:34 UTC (Bakı vaxtı ilə 22:34)
Göründüyü kimi, sosial şəbəkələrdə yayılan “18:33-də Yer cazibəsini itirəcək” iddiası ilə tutulmanın vaxtları arasında əlaqə yaradılmağa çalışılıb.
Günəş tutulması cazibə qüvvəsinə təsir edirmi?
Xeyr.
Günəş tutulması zamanı nə Yerin, nə Ayın, nə də Günəşin cazibə qüvvəsində qeyri-adi dəyişiklik baş vermir.
Ay hər zaman Yerə cazibə qüvvəsi göstərir, Yer də Ayı öz cazibəsi ilə orbitində saxlayır. Günəş də eyni şəkildə Günəş sistemindəki bütün planetlərə təsir göstərir.
Tutulma sadəcə bu üç göy cisminin müəyyən düzülüşü nəticəsində yaranan optik və həndəsi hadisədir.
Başqa sözlə, Günəş tutulması zamanı yalnız Günəşin görünən hissəsi örtülür, fiziki qanunlar isə dəyişmir.
“7 saniyəlik çəkisizlik” mifinin sirri
Mütəxəssislər hesab edirlər ki, viral iddianın populyarlaşmasının səbəbi real astronomik hadisə ilə fantastik ssenarinin birləşdirilməsidir.
Əvvəlcə sosial şəbəkələrdə “Yer 7 saniyəlik çəkisiz qalacaq” xəbəri yayılıb, daha sonra buna NASA, gizli layihələr və konkret tarixlər əlavə edilərək daha inandırıcı görünməsi təmin edilib.
Bu isə internetdə tez-tez rast gəlinən dezinformasiya metodlarından biridir.
12 avqust 2026-cı ildə dünya həqiqətən maraqlı astronomik hadisəyə – tam Günəş tutulmasına şahid olacaq.
Lakin həmin gün Yer kürəsinin cazibə qüvvəsini itirməsi, insanların havaya qalxması və ya “7 saniyəlik çəkisizlik” yaşanması ilə bağlı iddiaların heç biri elmi faktlarla təsdiqlənmir.
Yəni 12 avqustda qeyri-adi hadisə olacaq, amma bu hadisə Günəş tutulmasıdır. Yerin cazibə qüvvəsi isə əvvəlki kimi işləməyə davam edəcək.