Ukraynanın ABŞ istehsalı Patriot hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının praktiki olaraq tükəndiyi bildirilir.
CNN Ukraynada Patriot sisteminə çıxış əldə edərək onun vəziyyətini araşdırıb. Telekanalın gördüyü qurğunun 16 buraxılış borusunda sistemin mütəmadi istifadə edildiyini göstərən izlər olub. Lakin təhlükəsizlik səbəbindən yalnız adını açıqlayan baş mühəndis Dmitri bildirib ki, altı həftədir Patriot qurğularından heç bir raketin buraxılışını görməyib.
Onun sözlərinə görə, hazırda sistemdə buraxılış üçün raket yoxdur.
“Avadanlığın var, amma bir raketi belə ələ keçirə bilmirsən” vəziyyəti baş mühəndis tərəfindən olduqca ağır mənzərə kimi qiymətləndirilib.
Dmitrinin sözlərinə görə, ilk dəfə 2025-ci ilin dekabrında Patriot sistemindən istifadə etmək üçün raket qalmayıb.
Zelenski: ABŞ ehtiyatlarının 5 faizi lazımdır
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin qışı keçirməsi üçün ABŞ-ın Patriot raket ehtiyatlarının təxminən 5 faizinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ukraynanın malik olduğu ehtiyat ABŞ ehtiyatlarının cəmi 1 faizini təşkil edir.
Patriot yalnız buraxılış qurğusundan ibarət deyil. Sistem radarlar və idarəetmə mərkəzlərindən ibarət mürəkkəb kompleksdir. Raket buraxılışı zamanı operatorlar və sürücülər qurğudan uzaqda yerləşirlər.
Patriot raketlərinə qlobal tələbat artıb
Məqalədə bildirilir ki, Patriot üçün raketlərin qlobal çatışmazlığı ilə bağlı problem xüsusilə Fars körfəzində mart və aprel aylarında baş verən döyüşlər zamanı daha da kəskinləşib.
Koalisiya qüvvələrinin İranın raket və dron hücumlarını dəf etmək üçün çox sayda Patriot raketindən istifadə etdiyi bildirilir.
Foreign Policy Research Institute-nin məlumatına görə, İranla müharibənin ilk dörd günündə koalisiya qüvvələri gündə orta hesabla 225 ədəd ələkeçirici raketdən istifadə edib.
Eyni zamanda, Lockheed Martin 2025-ci ildə cəmi 620 Patriot ələkeçiricisi istehsal edib. Bu isə gündə orta hesabla 1,7 raket deməkdir.
Məqalədə qeyd olunur ki, ABŞ Pentaqonu yanvar ayında Lockheed Martin ilə 2030-cu ilə qədər ildə 2 min ədəd Patriot raketi istehsal etmək məqsədilə yeddiillik müqavilə imzalayıb.
Ukrayna özü Patriot raketi istehsal edə bilər?
Ukraynanın Patriot raketlərinə olan ehtiyacını öz istehsalı hesabına azaltması məsələsi də gündəmdədir.
Zelenski CNN-ə müsahibəsində ABŞ şirkətləri Raytheon və Lockheed Martin ilə Ukraynada Patriot ələkeçiricilərinin istehsalı üçün zavod yaradılması məsələsini müzakirə etdiyini bildirib.
Ukrayna prezidenti şirkətlərə belə bir zavodun açılmasına icazə verdikləri təqdirdə onun mülkiyyət və idarəçiliyinin ABŞ şirkətlərində olmasını təklif etdiyini deyib.