ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına alıb. O, Avropa liderləri ilə telefon danışığında müharibənin diplomatik yolla başa çatdırılmasına üstünlük verilməli olduğunu bildirib.
Hazırda Berlində ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff da daxil olmaqla, Ukrayna müharibəsi ilə bağlı mühüm görüşlər keçirilir.
Tramp Avropa liderləri ilə nə danışıb?
ABŞ prezidenti Çin səfərindən sonra “Air Force One” təyyarəsinin göyərtəsindən Berlin görüşündə iştirak edən “Könüllülər koalisiyası”nın nümayəndələri ilə əlaqə saxlayıb.
“Politico” nəşrinin məlumatına görə, Tramp Avropa ölkələrinin Ukraynanı bundan sonra da maliyyələşdirməsinə şübhə ilə yanaşıb. O, Kiyevə milyardlarla dollar vəsait ayrılmasının nə dərəcədə məqsədəuyğun olduğunu sual altına alıb. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sülh istəyir. Buna görə də hazırda diqqət Ukraynaya yeni maliyyə vəsaitlərinin ayrılmasına deyil, diplomatik razılaşmanın əldə edilməsinə yönəldilməlidir.
ABŞ lideri Avropa ölkələrinin Ukraynaya hərbi yardımını da kəskin tənqid edib. O, münaqişə başa çatdıqdan sonra hərbi xərclərə sərf olunan vəsaitə qənaət etməyin mümkünlüyündən danışıb.
Nəşr qeyd edir ki, Trampın Avropa liderləri ilə söhbəti Ukraynanın müttəfiqlərinin gözlədiyi kimi keçməyib.
Berlin görüşündə kimlər iştirak edir?
Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri iştirak ediblər.
ABŞ tərəfini isə Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff təmsil edirlər.
Ukraynanın maliyyə ehtiyacı 70 milyard avro qiymətləndirilir
Danışıqlarda Kiyevə maliyyə dəstəyi məsələsi də müzakirə olunur. Gələn il Ukraynanın maliyyələşməsində yaranacağı gözlənilən kəsirin təxminən 70 milyard avro olacağı proqnozlaşdırılır.
Bu vəziyyətdə ABŞ-ın maliyyə dəstəyinə münasibətinin dəyişməsi Avropa ölkələrinin üzərinə daha böyük yük qoya bilər. Trampın son açıqlamaları isə Ukraynanın gələcək maliyyələşdirilməsi ilə bağlı müttəfiqlər arasında fikir ayrılıqlarının dərinləşə biləcəyini göstərir.
