Bu balıqları yemək təhlükəlidir –Civə zəhərlənməsinə səbəb ola bilər

Kiçik orqanizmlər toksinləri qida zənciri vasitəsilə iri yırtıcılara ötürür. Məhz buna görə uzunömürlü balıq növləri daha böyük təhlükə yaradır.

Dəniz məhsulları insan orqanizmi üçün qiymətli qida maddələrinin zəngin mənbəyi hesab olunur. Bununla belə, balıqlarda zəhərli metalın olması ilə bağlı müzakirələr bəzən insanların bu qidaların təhlükəsizliyinə şübhə ilə yanaşmasına səbəb olur.

Bu barədə qeydiyyatdan keçmiş dietoloq Culiya Zumpano məlumat verib.

Civə təbii elementdir. Lakin orqanizmdə həddindən artıq toplandıqda daxili orqanlara ciddi zərər vura bilər. Bu ağır metal yüksək dozada beyinə və sinir sisteminə dağıdıcı təsir göstərir.

Sağlam yetkin insan üçün belə məhsulların ara-sıra qəbul edilməsi ciddi təhlükə yaratmır. İnsan orqanizmi az miqdarda zəhərli birləşmələrin xaric edilməsinin öhdəsindən özü gələ bilir.

Lakin civənin böyük miqdarda və mütəmadi şəkildə orqanizmə daxil olması zamanla mənfi nəticələrə səbəb ola bilər. Hamilə qadınlar, süd verən analar və azyaşlı uşaqlar xüsusilə ehtiyatlı olmalıdırlar.

Civənin su hövzələrinə düşməsi həm təbii proseslərlə, həm də insanların yaratdığı çirklənmə ilə əlaqəlidir. Daha sonra təhlükəli maddə qida zənciri boyunca yayılır.

Su hövzələrindəki kiçik canlılar metalın mikroskopik dozalarını udur. Bu maddələr daha sonra iri yırtıcıların orqanizmində toplanır. Buna görə də iri və uzunömürlü dəniz canlılarının orqanizmində toksinlərin miqdarı daha yüksək olur.

ABŞ Qida və Dərman Administrasiyası (FDA) civə səviyyəsi yüksək olduğu üçün yeddi balıq növündən tamamilə imtina etməyi tövsiyə edir. Siyahıya iri gözlü tuna, kral skumbriyası, marlin, kobia, köpəkbalığı, qılıncbalığı və albacore tuna daxildir.

Riskləri azaltmaq üçün mütəxəssislər qızılbalıq, sardina, forel, mintay və ançous kimi daha təhlükəsiz balıq növlərinə üstünlük verməyi məsləhət görürlər.

Orta səviyyədə civə ehtiva edən balıqlar da var. Bu qrupa halibut, sazan və mahi-mahi kimi növlər daxildir.

Mütəxəssislər dəniz məhsullarını rasiondan tamamilə çıxarmağın lazım olmadığını bildirirlər. Əsas məsələ həftəlik istehlak miqdarına və balıq növlərinin müxtəlifliyinə diqqət yetirməkdir.

Balıq ürəyin fəaliyyətinin qorunması üçün vacib olan keyfiyyətli zülal və omeqa-3 yağ turşularının əvəzolunmaz mənbələrindən biridir. Müxtəlif balıq növlərinin növbəli şəkildə istehlak edilməsi isə eyni məhsuldan toksinlərin uzunmüddətli yığılma riskini azaltmağa kömək edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.