Türkiyənin böyük şirkəti Rusiyaya yük daşımalarını dayandırdı

Türkiyənin Akkon yükdaşıma şirkəti Rusiya limanlarına girişdən tam imtina edib.

Azpost.info bildirir ki, bu barədə şirkətin iki müştərisi məlumat verib.

Onların sözlərinə görə, Akkon tərəfdaşlarına Rusiyanın limanlarına girişlərin tam dayandırılması ilə bağlı təcili bildiriş göndərib. Sankt-Peterburqa yollanan bəzi gəmilər geri – Türkiyəyə qaytarılıb.

Məlumat Rusiyanın ixrac-idxal yükləri ilə işləyən ekspeditor şirkətində də təsdiqlənib.

Akkon iri konteyner daşıyıcılarından biridir. Şirkətin xidmətlərindən xüsusilə avqustun əvvəlində Rusiyanın Fesco şirkətinin Qara dəniz üzərindən daşımaları dayandırmasından sonra daha geniş istifadə olunmağa başlanmışdı. Buna səbəb Novorossiysk yaxınlığında Hindistandan gələn Yanina konteyner gəmisinin Ukraynanın dəniz dronlarının hücumu nəticəsində batırılması olub.

Akkon avqustun 10-da Qara dənizdə təhlükəli vəziyyətlə əlaqədar Novorossiyskə reyslərini müvəqqəti olaraq Sankt-Peterburqa keçirdiyini açıqlamışdı. Bunun üçün bir konteynerə əlavə 2 500 dollar ödəniş nəzərdə tutulurdu.

Türkiyədən Novorossiyskə getməkdə davam edən digər daşıyıcılar isə riskə görə konteyner başına orta hesabla 1 000 dollar əlavə haqq alırdı. Halbuki Türkiyə limanlarından konteyner daşınmasının orta tarifi 500-1500 dollar arasında dəyişirdi.

Lakin avqustun 21-də Akkon Lines şirkətinə məxsus konteyner gəmisinin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması vəziyyəti daha da gərginləşdirib. Gəmi zədələnərək yanıb, ekipaj təxliyə olunub.

Akkon son təhlükəsizlik qiymətləndirməsindən sonra Rusiyaya reyslərin davam etdirilməsinin ekipaj, gəmi və yük üçün yüksək risk yaratdığı qənaətinə gəlib.

Şirkətin bildirişində qeyd olunur ki, yüklər yola çıxarıldığı limana qaytarılacaq və ya yükləmə limanlarında boşaldılacaq.

Müştərilərdən birinin sözlərinə görə, Türkiyədən Rusiyaya Sankt-Peterburqa göndərilən yükün də ən yaxın limanda, ehtimal ki, Litvanın Klaypeda limanında boşaldılması planlaşdırılır.

Daha bir türk daşıyıcı Rusiyadan çəkilib

Ekspeditor şirkətinin əməkdaşı bildirib ki, Türkiyənin digər daşıyıcısı Arkas da Rusiya ilə işi tamamilə dayandırıb.

Türkiyənin Transbosphor Deniz Taşımacılığı şirkətinin direktorlar şurasının sədri Mustafa Can isə son üç ay ərzində Qara dənizdə ticarət gəmilərinə edilən hücumların Türkiyəyə vurduğu zərəri 20 milyard dollar qiymətləndirib.

Dünyanın ən böyük konteyner daşıyıcılarından biri olan MSC də avqustun 26-da özünün MSC Ulsan III konteyner gəmisinə pilotsuz uçuş aparatları ilə hücumdan sonra Novorossiysk limanına girişləri dayandırdığını açıqlayıb.

Şirkət reyslərin Sankt-Peterburqa və digər limanlara yönləndirildiyini bildirib. MSC-nin donanmasında təxminən 1 000 gəmi var və şirkətin marşrutları dünyanın müxtəlif bölgələrini əhatə edir.

Ekspeditor şirkətlərinin əməkdaşlarının sözlərinə görə, Türkiyədən Rusiyaya işləyən daha bir neçə daşıyıcı da reyslərini Sankt-Peterburqa keçirməyi planlaşdırır.

Logistika sektorunun nümayəndələrindən biri hesab edir ki, reyslərin Sankt-Peterburqa keçirilməsi Qara dənizdə gəmiçiliyin vəziyyətinin pisləşdiyini göstərsə də, bu, yük axınının tam dayanması demək deyil.

Bununla belə, türk konteyner daşıyıcılarının Rusiya ilə işləməkdən imtina etməsi Avropadan Rusiyaya mal tədarükünə ciddi təsir göstərə bilər.

Avropa mebeli və ev əşyaları idxal edən sahibkarlardan biri vəziyyəti belə ifadə edib: “Türkiyə yolu bağlanıb, Sankt-Peterburq isə sual altındadır”.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.