Türkiyə Ayın tədqiqi ilə bağlı mühüm sazişi imzaladı– Ankara kosmosda yeni mərhələyə keçir

Türkiyə Ayın tədqiqi və kosmosdan dinc məqsədlərlə istifadəsini nəzərdə tutan beynəlxalq prinsiplər toplusu olan “Artemida Sazişləri”ni imzalayıb.

Sənəd avqustun 31-də imzalanıb. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Artemida Sazişləri” Ayın və digər səma cisimlərinin təhlükəsiz və məsuliyyətli şəkildə tədqiqi, kosmosdan dinc, davamlı və bütün ölkələrin maraqlarına uyğun istifadə olunması üçün ümumi prinsipləri müəyyənləşdirir.

Türkiyə XİN-dən bildirilib ki, Ankara bundan sonra da kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək, kosmik texnologiyaların və tədqiqatların inkişafında iştirak etmək niyyətindədir.

Qeyd olunub ki, Türkiyə bu fəaliyyətləri beynəlxalq hüquq çərçivəsində, inklüziv və innovativ yanaşma əsasında həyata keçirməyi planlaşdırır.

Türkiyə XİN-i kosmik tədqiqatlar sahəsində ölkələr arasında ümumi baxışın gücləndirilməsi baxımından 77-ci Beynəlxalq Astronavtika Konqresinin də mühüm platforma olacağını vurğulayıb.

Konqres 5–9 oktyabr 2026-cı ildə Antalyada keçiriləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.