Avropa İttifaqı Ermənistandan idxal olunan məhsulların böyük hissəsinə tətbiq edilən gömrük rüsumlarının müvəqqəti dayandırılmasını nəzərdə tutan tədbirləri razılaşdırıb.
Aİ Şurasının qərarına əsasən, yeni ticarət güzəştləri Ermənistanın ixracının təxminən 80 faizini əhatə edəcək.
Avropa İttifaqı bu addımı Ermənistan iqtisadiyyatına dəstək məqsədi daşıdığını bildirir. Qərarın Rusiyanın son dövrlərdə tətbiq etdiyi ticarət məhdudiyyətlərinin Ermənistanın ixracına və tranzit marşrutlarına mənfi təsir göstərməsindən sonra qəbul edildiyi qeyd olunur.
Yeni rejim çərçivəsində Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarına, o cümlədən meyvə, tərəvəz və bitkilərə idxal rüsumları müvəqqəti dayandırılacaq. Bəzi məhsullar üçün isə tarif kvotaları tətbiq ediləcək.
Aİ-nin məlumatına görə, tədbirlər Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin təxminən 99 faizini, həmçinin içkilər və spirtli içkilər ixracının 91 faizindən çoxunu əhatə edə bilər.
Güzəştlər iki il müddətinə nəzərdə tutulur.
İrlandiyanın xarici işlər və ticarət naziri Helen MakEnti bildirib ki, Avropa Ermənistanın yanında dayanır və bu qərar iqtisadi təzyiqə məruz qalan tərəfdaşlara Aİ-nin dəstəyini göstərir.
Bununla belə, güzəştlər bir sıra şərtlərlə veriləcək. Ermənistan məhsulların mənşəyinin müəyyənləşdirilməsi qaydalarına əməl etməli, Aİ ilə inzibati əməkdaşlığı davam etdirməli və Aİ-dən idxala qarşı yeni ticarət məhdudiyyətləri tətbiq etməməlidir.
Bundan başqa, Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin (CEPA) əsas müddəalarına, o cümlədən demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqları ilə bağlı öhdəliklərə əməl etməlidir.
Sənədin qüvvəyə minməsi üçün Avropa Parlamenti də təklifi təsdiqləməlidir. Gözlənilir ki, parlament sentyabr plenar iclasında sənədi dəyişiklik etmədən qəbul edəcək.
Qərar rəsmiləşdikdən sonra Aİ Şurası onu təsdiqləyəcək. Tənzimləmə Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonrakı gün qüvvəyə minəcək.