Avtobuslarda yeni sistem başladı– 5 marşrutda sərnişinlər üçün nə dəyişəcək?

Azərbaycanda müntəzəm sərnişin daşımalarında yeni ödəniş modelinin tətbiqinə başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli qərarı ilə təsdiqlənən yeni qaydalar əsasında “brutto müqavilə” modeli tətbiq edilir.

Yeni sistemdə daşıyıcılara sərnişin sayına görə deyil, əsasən qət edilən məsafəyə və göstərilən xidmətin keyfiyyətinə görə ödəniş ediləcək.

Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək. Daşıyıcı müəyyən edilmiş tələblərə uyğun xidmət göstərdikdə həmin xidmətə görə ödəniş alacaq.

Bu dəyişiklik xüsusilə sərnişin sayının az olduğu saatlarda əhəmiyyətlidir. Belə ki, axşam saatlarında və sərnişin axınının aşağı olduğu digər vaxtlarda avtobusların marşrutdan çıxarılmasının qarşısının alınması və qrafikə əməl olunması nəzərdə tutulur.

AYNA bildirir ki, yeni model sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidməti formalaşdıracaq.

Eyni zamanda, daşıyıcıların yalnız daha gəlirli marşrutlara üstünlük verməsinin qarşısının alınması və şəhərətrafı, azrentabelli marşrutlarda xidmət səviyyəsinin yüksəldilməsi gözlənilir.

Hazırda 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. AYNA-nın məlumatına görə, tələblərə uyğun olaraq digər marşrutların da yaxın vaxtlarda bu sistemə keçirilməsi nəzərdə tutulur.

Yeni model daşıyıcıların fəaliyyətinə nəzarəti də gücləndirəcək. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması halında müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmlərindən istifadə ediləcək.

Bunun üçün xüsusi proqram təminatı yaradılıb. Sistem vasitəsilə daşıyıcıların göstərdiyi xidmətin keyfiyyəti ölçüləcək və marşrutlarda xidmətin təşkili daha effektiv şəkildə izləniləcək.

AYNA qeyd edir ki, “brutto müqavilə” modeli daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını da artıracaq. Bunun nəticəsində avtobus parkının yenilənməsi, müasir və ekoloji təmiz avtobusların alınması, texniki xidmətin yaxşılaşdırılması və xidmət səviyyəsinə investisiyaların artırılması üçün imkanların genişlənəcəyi gözlənilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.