Bakıda “İpək tək səma” Kukla Biennalisinin açılışı keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk xalqlarının mədəni irs sərgisi” layihəsi çərçivəsində “İpək tək səma” müəllif kukla biennalisinin rəsmi açılış mərasimi 4 sentyabr 2026-cı il tarixində Bakıda, “ Leyla Khazari “ Art Gallery-də baş tutub.

Tədbirin əsas məqsədi türk xalqlarının ortaq mədəni irsinin, milli-mənəvi dəyərlərinin, sənətkarlıq ənənələrinin və estetik dünyagörüşünün kukla sənəti vasitəsilə nümayiş etdirilməsi, eləcə də müxtəlif ölkələrdən olan yaradıcı şəxslər arasında mədəni dialoqun və əməkdaşlığın inkişaf etdirilməsidir.

Açılış mərasimini moderator Elvin Mərdanov öz nitqi ilə elan etdikdən sonra, “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” sədri və layihə rəhbəri Aytən Həsənova, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, AR Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova və tarixçi Rizvan Hüseynov çıxış ediblər.

Çıxışlarda türk xalqlarını birləşdirən ortaq mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə təbliğinin əhəmiyyəti vurğulanıb.

Rəsmi açılışdan sonra qonaqlar sərgi ekspozisiyası ilə tanış olublar. Sərgidə Azərbaycan və Türk dünyasının mədəni irsini əks etdirən 60-a yaxın müəllif kuklası nümayiş etdirilib.

Sərgi Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan sənətkarlarının yaradıcılıq nümunələrini bir araya gətirərək ortaq türk mədəni irsinin müxtəlif bədii ifadə formalarını nümayiş etdirib.

Açılış proqramının diqqətçəkən hissələrindən biri isə açıq havada keçirilən xüsusi bədii performans olub.

Performans zamanı rəssam Aydın Əsgərov canlı rəsm nümayiş etdirib. Rəssam musiqinin ritmi və emosional təsiri altında öz bədii interpretasiyasını canlı şəkildə kətana köçürüb.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.