İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran vasitəçilər vasitəsilə ABŞ-a müharibənin dayandırılmasını, Hörmüz boğazının açılmasını və uzunmüddətli razılaşma üzrə danışıqların bərpasını nəzərdə tutan yeddi maddəlik təklif təqdim edib.
Onun sözlərinə görə, plana əsasən, Hörmüz boğazında gəmi hərəkəti altıncı gün, yekun razılaşma ilə bağlı danışıqlar isə yeddinci gün bərpa olunmalıdır. Əraqçi bu barədə “Financial Times” qəzeti üçün yazdığı məqalədə bildirib. Məqaləni İranın “Mehr” agentliyi də dərc edib.
Nazir vurğulayıb ki, Hörmüz boğazı ətrafında və ya Yaxın Şərqin digər bölgələrində gərginliyin daha da artması mülki əhalinin həyatını, regionun təhlükəsizliyini və dünya iqtisadiyyatını təhdid edə bilər. O, İranın diplomatik yolla nizamlanmaya hazır olduğunu, lakin Vaşinqtonun niyyətlərinə etibar etmədiyini və eyni zamanda özünü müdafiə etməyə hazır qaldığını bildirib.
Əraqçi ABŞ Prezidenti Donald Trampı İranın müqavimət imkanlarını düzgün qiymətləndirməməkdə ittiham edib. O xatırladıb ki, ABŞ və İsrail zərbələri danışıqların davam etdiyi dövrlərdə endirilib.
Nazirin sözlərinə görə, bu, 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında, daha sonra isə İran Prezidenti Məsud Pezeşkianla Tramp arasında razılaşma imzalanmasından qısa müddət sonra, cari ilin iyununda baş verib.
“İranın ABŞ hökumətinin sülhə can atması ilə bağlı bəyanatlarına inanmaq üçün heç bir əsası yoxdur”, – deyə Əraqçi yazıb.
O əlavə edib ki, razılaşmaya nail olmaq üçün Ağ Ev İran qarşı təcavüzdən birdəfəlik imtina etməyə səmimi hazır olduğunu nümayiş etdirməlidir.
Nazir hərbi əməliyyatların ABŞ vətəndaşlarına baha başa gəldiyini də iddia edib. O, “Moody’s” reytinq agentliyinin qiymətləndirməsinə istinad edərək bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı cari ildə amerikalı istehlakçılara təxminən 265 milyard dollara, yəni hər ev təsərrüfatına orta hesabla 2 min dollara başa gəlib.
Əraqçinin sözlərinə görə, bu məbləğin təxminən yarısı enerji daşıyıcılarının qiymətlərinin artması ilə bağlıdır. Bununla belə, göstərilən qiymətləndirməyə dünya iqtisadiyyatına dəyən daha genişmiqyaslı zərər daxil edilməyib.
İranın xarici işlər naziri vurğulayıb ki, ölkənin coğrafi mövqeyi Hörmüz boğazından keçən gəmiçilik üzərində Tehrana əhəmiyyətli təsir imkanları verir. Onun fikrincə, bu boğazı alternativ marşrutlarla tam əvəz etmək mümkün deyil.
Əraqçi bildirib ki, Tehran bundan sonra da boğazda təhlükəsizliyin təmin olunmasında və oradan qanuni şəkildə keçən gəmilərin qorunmasında iştirak etmək niyyətindədir.
Sonda İranın XİN rəhbəri xəbərdarlıq edib ki, ABŞ diplomatiya əvəzinə yenidən hərbi gücə üstünlük verərsə, daha ciddi strateji məğlubiyyətlə üzləşəcək.
Onun sözlərinə görə, Vaşinqtonun ədalətli və ləyaqətli razılaşma əldə etmək istəyinə dair real sübutlar görəcəyi təqdirdə İran danışıqlara qayıtmağa hazırdır.
