Ad günündə dostu lotereya bileti hədiyyə etdi- 1 milyon dollar uddu

ABŞ-ın İllinoys ştatında yaşayan kişi ad günü münasibətilə dostunun ona hədiyyə etdiyi lotereya bileti sayəsində 1 milyon dollar qazanıb.

Bu barədə İllinoys Lotereyası məlumat yayıb.

Kişinin sözlərinə görə, həyat yoldaşı onun üçün böyük ad günü məclisi təşkil edib. Dostlarından biri isə ona içərisində bir neçə lotereya bileti olan zərf hədiyyə edib.

Biletlərdən biri uğurlu çıxıb. Avqustun 8-də keçirilən Lotto Million 2 tirajında həmin bilet kişiyə əsas mükafat olan 1 milyon dollar qazandırıb.

Lakin qalib əvvəlcə nə qədər pul qazandığını anlamayıb. O, bileti yoxlamağı dostundan xahiş edib. Dostu da səhv edərək uduşun cəmi 1 min dollar olduğunu düşünüb.

“Min dollar da pis deyil, onsuz da əla gün idi”, – deyə qalib bildirib.

Kişi həyat yoldaşı ilə birlikdə düşündükləri 1 min dollarlıq uduşu götürmək üçün lotereya mərkəzinə gedib. Lakin oradakı əməkdaş onlara gözlənilməz xəbər verib: bilet əslində 1 milyon dollar qazandırıb.

Kişinin sözlərinə görə, bu xəbəri eşidən həyat yoldaşı təəccübdən hətta ağlayıb.

Bundan başqa, həmin bilet digər sətirdə iki rəqəmin uyğun gəlməsi hesabına əlavə olaraq 2 dollar da qazandırıb.

Cütlük 1 milyon dollarlıq uduşu əsasən Floridada yaşayan qohumlarını hər il ziyarət etmək üçün səfərlərə xərcləməyi planlaşdırır. Onlar həmçinin yeni avtomobil və qolf arabası almağı da düşünürlər.

Ailə bundan başqa nikahlarının 40-cı ildönümünü və övladlarının doğum günlərini qeyd etmək üçün kruiz səyahətinə çıxmağı planlaşdırır.

“Onlara dedim: «Atanız ödəyir»”, – deyə qalib zarafat edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.