Astronomlar 5 milyard il əvvəldən gələn sirli siqnalı aşkarladılar

Astronomlar MeerKAT radioteleskopunun köməyi ilə ilk dəfə neytral hidrogenin milyardlarla il əvvələ aid siqnalını etibarlı şəkildə ayırd edə biliblər.

Bu kəşf Kainatın böyükmiqyaslı strukturunun xəritələndirilməsi üçün yeni imkanlar açır.

Söhbət hidrogenin intensivliyinin xəritələndirilməsi adlanan üsuldan gedir. Bu metod ayrı-ayrı qalaktikaları axtarmaq əvəzinə kosmosun böyük hissəsində hidrogendən gələn ümumi radio siqnalını ölçməyə imkan verir.

Uzaq hidrogen necə “görünür”?

Neytral hidrogen 21 santimetr dalğa uzunluğunda zəif radio siqnalı yayır. Kainat genişləndikcə bu siqnal da uzanır və qırmızı sürüşməyə məruz qalır.

Alimlər həmin sürüşmənin miqdarını ölçməklə siqnalın nə qədər əvvəl yayıldığını və hidrogenin Kainatın hansı dövrünə aid olduğunu müəyyən edə bilirlər.

Bu üsul sayəsində alimlər maddənin Kainatda necə paylandığını üçölçülü şəkildə xəritələndirə bilərlər. Əvvəllər belə tədqiqatlarda radio məlumatları əsasən görünən işıqda aparılan qalaktika müşahidələri ilə birləşdirilirdi. Yeni araşdırma isə əsasən MeerKAT-ın radio müşahidələrindən istifadə etməklə belə xəritənin qurula biləcəyini göstərir.

Siqnal 4-5 milyard il yol gəlib

Tədqiqatçılar Cənubi Afrikada yerləşən və 64 antenadan ibarət MeerKAT massivinin təxminən 96 saatlıq müşahidə məlumatlarını analiz ediblər.

Nəticədə 4-5 milyard il əvvəl yola çıxmış neytral hidrogen siqnalını ayırd etmək mümkün olub. Bu qazın yayıldığı strukturların ölçüsü milyonlarla işıq ilinə çatır. Bu miqyas Süd Yolu ilə Andromeda qalaktikası arasındakı məsafə ilə müqayisə edilə bilər.

Tədqiqat qrupunun rəhbəri Surabx Pol bildirib ki, bu, hidrogen intensivliyinin xəritələndirilməsi üçün mühüm mərhələdir.

Onun sözlərinə görə, siqnal son dərəcə zəif olduğundan onu fon şüalanmasından, Yer mənbəli radio müdaxilələrindən və cihazların yaratdığı effektlərdən ayırmaq olduqca çətindir. MeerKAT vasitəsilə birbaşa aşkarlama isə bu metodun kosmologiyada praktiki alətə çevrilə biləcəyini göstərir.

Kainatın quruluşunu öyrənmək üçün yeni imkan

Neytral hidrogen qalaktikaların necə formalaşdığını və zamanla necə inkişaf etdiyini anlamaq üçün əsas elementlərdən biridir.

Alimlər hidrogenin kollektiv siqnalını ölçməklə həm qalaktikaların təkamülünü, həm də maddənin Kainatdakı ümumi paylanmasını araşdıra bilərlər. Bunun üçün hər bir qalaktikanı ayrıca aşkar etmək tələb olunmur.

Bu nəticə Avstraliya və Cənubi Afrikada inşa edilən Square Kilometre Array (SKA) rəsədxanasının gələcək imkanları baxımından da əhəmiyyətlidir. MeerKAT bu nəhəng layihənin əsas sələf radiointerferometrlərindən biridir.

Mütəxəssislər qeyd edirlər ki, zəif siqnalın hətta massiv elmi fəaliyyətə yeni başladığı 2018-ci ilə aid məlumatlardan çıxarılması radioastronomiyada bu yanaşmanın böyük potensiala malik olduğunu göstərir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.