İqlim dəyişmələri nəticəsində XXI əsrin sonuna qədər Yer kürəsinin quru ərazilərinin 40 faizdən çoxunun quraqlaşma riski var. Alimlərin yeni araşdırmasına görə, atmosferdə karbon qazının artması bu prosesi müəyyən qədər ləngitsə də, quraqlığın genişlənməsinin qarşısını tam ala bilməyəcək.
Araşdırmanın nəticələri Environmental Research Letters jurnalında dərc olunub.
Çin Meşəçilik Akademiyasının mütəxəssisləri 1994-2023-cü illər üzrə iqlim məlumatlarını təhlil edərək 2071-2100-cü illər üçün proqnoz hazırlayıblar.
Hazırda səhralar, yarımsəhralar və quru çöllərdən ibarət quraq ərazilər Antarktida nəzərə alınmadan Yer kürəsinin quru sahəsinin təxminən 38,58 faizini təşkil edir.
Alimlərin hesablamalarına görə, əsrin sonuna qədər bu göstərici 39,31-40,28 faizə yüksələ bilər.
Bu isə təxminən 2,37 milyon kvadrat kilometr yeni quraq ərazinin yaranması deməkdir. Artımın ən çox Avstraliyada müşahidə ediləcəyi proqnozlaşdırılır.
Karbon qazı prosesi müəyyən qədər ləngidə bilər
Əvvəlki bəzi araşdırmalarda quraq ərazilərin əsrin sonuna qədər Yer kürəsinin quru sahəsinin 56 faizinə qədərini əhatə edə biləcəyi ehtimal edilirdi.
Yeni hesablamanın daha aşağı nəticə göstərməsinin səbəblərindən biri atmosferdə karbon qazının artmasının nəzərə alınmasıdır.
Alimlərin fikrincə, CO₂-nin yüksəlməsi bitkilərin böyüməsini sürətləndirə və onların sudan daha səmərəli istifadə etməsinə imkan verə bilər. Bu amil səhralaşma prosesini müəyyən qədər zəiflədə bilər.
Lakin bu təsirin də məhdud olduğu bildirilir. Bitkilərin karbon qazına reaksiyası müəyyən həddən sonra zəifləyə bilər. Eyni zamanda temperaturun yüksəlməsi torpağın və su ehtiyatlarının daha sürətlə qurumasına səbəb ola bilər.
Kənd təsərrüfatı və su ehtiyatları təhlükə qarşısında
Quraq ərazilərin genişlənməsi ilk növbədə kənd təsərrüfatı üçün ciddi problem yarada bilər. Əkin üçün yararlı torpaqların azalması məhsuldarlığa təsir göstərə, su ehtiyatlarına düşən yükü artıra bilər.
Xüsusilə quraq zonaların yaşayış məntəqələri və kənd təsərrüfatı əraziləri ilə həmsərhəd olduğu bölgələr daha həssas hesab olunur.
Mütəxəssislər belə dəyişikliklərə əvvəlcədən hazırlaşmağın vacibliyini vurğulayırlar. Bunun üçün torpaqların qorunması, su ehtiyatlarından daha səmərəli istifadə və səhralaşmanın qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi təklif olunur.
Alimlərin proqnozu göstərir ki, karbon qazının artması müəyyən müsbət təsir yaratsa da, qlobal istiləşmənin quru ərazilərin genişlənməsi istiqamətindəki ümumi tendensiyasını dəyişməyəcək.