İnsultun 5 əsas əlaməti –Bu simptomları görsəniz, dərhal təcili yardım çağırın

İnsult beyində qan dövranının qəfil pozulmasıdır və təcili tibbi müdaxilə tələb edir. Onun əlamətləri nə qədər tez müəyyən edilərsə və tibbi yardım göstərilərsə, ciddi fəsadlar olmadan sağalma şansı bir o qədər yüksək olur.

Mütəxəssislər insultdan xəbər verə biləcək beş əsas əlaməti qeyd edirlər.

İnsultun əsas əlamətləri

1. Görmənin pozulması

İnsult zamanı görmə qəfil pisləşə bilər. İnsan bir tərəfdəki əşyaları və ya insanları görməkdə çətinlik çəkə bilər. Bundan başqa, gözlərdə ikili görmə, fokuslanma və məkan qavrayışı ilə bağlı problemlər yarana bilər.

2. Danışıqda çətinlik

İnsultun ən aydın əlamətlərindən biri qəfil nitq pozuntusudur. İnsan sözləri və hecaları qarışdıra, anlaşılmaz danışa və ya ümumiyyətlə söz demək qabiliyyətini itirə bilər. Danışıq qəfil qarışıq və mənasız səslənirsə, dərhal tibbi yardım çağırmaq lazımdır.

3. Başgicəllənmə və tarazlığın itirilməsi

Güclü başgicəllənmə öz-özlüyündə həmişə insult əlaməti deyil. Lakin bu hal zəiflik və ya nitq pozuntusu kimi digər simptomlarla birlikdə müşahidə olunursa, ciddi xəbərdarlıq siqnalı sayıla bilər. İnsan qəfildən koordinasiyasını itirə, yeriyərkən yırğalana və hətta yıxıla bilər.

4. Əzələ zəifliyi və keyimə

İnsult bədənin bir tərəfində qəfil iflic, ətraflarda zəiflik və ya hissiyyatın itməsi ilə özünü göstərə bilər. Klassik testlərdən biri insandan hər iki qolunu qaldırmasını istəməkdir. İnsult zamanı qollardan biri aşağı düşə və ya hərəkətsiz qala bilər. Digər əlamət isə üzün asimmetriyası, məsələn, ağız küncünün sallanmasıdır.

5. Baş ağrısı və ürəkbulanma

Beyinə qan sızması ilə müşayiət olunan hemorragik insult zamanı çox vaxt qəfil və şiddətli baş ağrısı yaranır. Bəzi hallarda bu, ürəkbulanma, qusma və şüurun bulanması ilə müşayiət olunur.

İnsultdan şübhələnirsinizsə, nə etmək lazımdır?

Sadalanan əlamətlərdən hətta ikisi müşahidə olunarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Hər dəqiqə böyük əhəmiyyət daşıyır. Vaxtında göstərilən tibbi yardım insanın həyatını xilas edə və iflic, nitq qabiliyyətinin itirilməsi kimi ağır fəsadların riskini azalda bilər.

İnsultun ilkin əlamətlərini sürətlə müəyyən etmək üçün FAST metodundan istifadə olunur:

  • F (Face – üz) – insandan gülümsəməsini istəyin. Üzün bir tərəfi hərəkət etmirsə, bu, təhlükəli əlamət ola bilər.
  • A (Arms – qollar) – hər iki qolunu qaldırmasını istəyin. Qollardan biri aşağı düşürsə, bu, insultdan xəbər verə bilər.
  • S (Speech – nitq) – sadə bir cümləni təkrarlamasını istəyin. Nitqin anlaşılmaz və ya qarışıq olması narahatedici əlamətdir.
  • T (Time – vaxt) – vaxt həlledici əhəmiyyət daşıyır. Dərhal təcili tibbi yardım çağırın.

İnsultun profilaktikasında arterial təzyiqə nəzarət, siqaretdən və alkoqoldan imtina, müntəzəm və orta səviyyəli fiziki aktivlik, həmçinin balanslaşdırılmış qidalanma mühüm rol oynayır. Xüsusilə qanda xolesterin və şəkərin səviyyəsini nəzarətdə saxlamaq vacibdir. Onların yüksək olması damar mənşəli ciddi problemlərin riskini artırır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.