Gecə yatarkən işığı söndürün –Alimlər ürəklə bağlı risk aşkarladı

Gecə vaxtı işığa məruz qalmaq ürəyin strukturunda dəyişikliklərlə və onun fəaliyyətinin zəifləməsinin ilkin əlamətləri ilə əlaqəli ola bilər.

Bu nəticəyə britaniyalı tədqiqatçılar 11 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər. İştirakçılar biləklərində işıq səviyyəsini ölçən xüsusi cihazlar daşıyıblar.

Üç il sonra aparılan maqnit-rezonans tomoqrafiyası göstərib ki, gecə vaxtı işıq təsiri yüksək olan insanların sol mədəciyinin divarları daha qalın, ürək əzələsinin yığılmasını xarakterizə edən göstəricilər isə daha aşağı olub.

Tədqiqat müəllifləri vurğulayıblar ki, aşkar edilən fərqlər yalnız ilkin dəyişikliklərdir və işıq altında yatan hər bir insanda ürək-damar xəstəliyinin mütləq mövcud olduğu anlamına gəlmir.

Beyində yuxuya getməni başladan nadir hüceyrələr tapılıb

Digər alimlər isə beynin qabığında yuxuya getmə prosesini aktiv şəkildə başladan və beynin geniş sahələrinin fəaliyyətini sinxronlaşdıran nadir neyron qrupu aşkar ediblər.

Nəticələr “Nature” elmi jurnalında dərc olunub.

Söhbət Sst-Chodl adlı hüceyrələrdən gedir. Onlar beyin qabığındakı bütün hüceyrələrin cəmi təxminən 0,2 faizini təşkil edir və siqnalları böyük məsafələrə ötürə bilirlər.

Siçanlar üzərində aparılan müşahidələr zamanı müəyyən edilib ki, oyaqlıq vəziyyətində bu neyronlar demək olar ki, aktiv olmur. Lakin dərin, yavaş yuxuya keçid zamanı onların aktivliyi kəskin şəkildə artır.

Alimlər bu hüceyrələri süni şəkildə aktivləşdirəndə beyin qabığının fəaliyyəti yavaşlayıb və sinxronlaşıb. Nəticədə heyvanlar daha sürətli yuxuya gedib və daha uzun müddət yatıblar.

Tədqiqat müəllifləri qeyd ediblər ki, beyin qabığı yuxunun başlaması zamanı sadəcə passiv şəkildə vəziyyətini dəyişmir. Əksinə, özü də bu prosesdə fəal iştirak edir.

Alimlərin diqqətini çəkən digər məqam isə bu neyronların yüz milyonlarla il ərzində təkamül prosesində qorunub saxlanılmasıdır. Bu hüceyrələr suda-quruda yaşayan heyvanlardan və sürünənlərdən insana qədər mövcudluğunu davam etdirib.

Tədqiqatçılar növbəti mərhələdə həmin hüceyrələrin yuxuya olan tələbatın formalaşmasındakı rolunu araşdırmağı planlaşdırırlar. Bu, müxtəlif nevroloji və psixi pozuntuların təbiətini daha yaxşı anlamağa kömək edə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.