Bu məktəbdə 27 cüt əkiz oxuyur– Müəllimlər onları necə fərqləndirir? / FOTO

Türkiyənin İzmir şəhərində yerləşən Makbule Süleyman Alkan adına məktəbdə eyni vaxtda 27 cüt əkiz təhsil alır.

Bu barədə “Haber7” məlumat yayıb.

Buca rayonunda 2003-cü ildən fəaliyyət göstərən məktəbdə təxminən 1600 şagird təhsil alır. Bu tədris ilində əkizlərin siniflər üzrə bölgüsü belədir: hazırlıq sinfində 1 cüt, 6-cı və 7-ci siniflərin hər birində 4 cüt, 5-ci və 8-ci siniflərin hər birində isə 9 cüt əkiz oxuyur.

Məktəbin direktoru Həsən Basri Karaoğlu bildirib ki, təhsil müəssisəsinə qeyri-rəsmi olaraq “Əkizlər məktəbi” deyilir.

Onun sözlərinə görə, bir çox ailə uşaqlarını məhz bu məktəbə göndərməyi məqsədli şəkildə seçir.

Müəllimlər etiraf edirlər ki, ilk vaxtlarda zahirən bir-birinə çox bənzəyən şagirdləri qarışdıra bilirlər. Lakin zaman keçdikcə onları saç düzümü, geyim detalları, xarakter xüsusiyyətləri və dərslərdəki göstəricilərinə görə fərqləndirməyi öyrənirlər.

Şagirdlərin özləri isə vəziyyəti fərqli qiymətləndirirlər. Əkizlərin bir qismi daim yanlarında qohum dəstəyinin olmasını rahatlıq kimi qəbul edir.

Digərləri isə ətrafdakı insanların onları tez-tez bir-biri ilə səhv salmasından narazıdır.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.