Trampın sərvəti açıqlandı –Pulu haradan qazanır?

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar qiymətləndirilir.

Azpost.info bildirir ki, bu barədə “Forbes” yazıb.

Bu rəqəm Trampın 2024-cü il prezident seçkilərində qələbə qazandığı vaxtdakı göstəricidən 2,7 milyard dollar çoxdur. Lakin son bir ildə onun sərvəti təxminən 300 milyon dollar azalıb.

Trampın Ağ Evə qayıdışından sonra sərvətinin sürətlə artmasında əsas rolu kriptovalyuta layihələri və xaricdə bağlanan sövdələşmələr oynayıb. “Forbes”in hesablamasına görə, hazırda Trampın sərvətinin təxminən 2,4 milyard dolları kriptovalyuta və likvid aktivlərin payına düşür.

Bu kateqoriyanın ən böyük hissəsini təxminən 1,9 milyard dollar dəyərində likvid aktivlər təşkil edir. “Forbes” onların artımını, o cümlədən kriptovalyuta satışından əldə olunan gəlirlər və bu sahə ilə əlaqəli şirkətlərdən birindəki payla əlaqələndirir.

Tramp vəsaitin bir hissəsini ona məxsus payın satılmasından əldə edib. Bundan əvvəl isə Vaşinqtondakı otelinin satışı və San-Fransiskodakı daşınmaz əmlak obyektinin yenidən maliyyələşdirilməsi hesabına pul ehtiyatlarını artırıb.

“Forbes” Trampa məxsus memkoinlərin dəyərini də təxminən 183 milyon dollar qiymətləndirir. “World Liberty Financial” kriptovalyuta layihəsindəki payı 78 milyon dollar, onunla əlaqəli USD1 stabilkoin biznesindəki payı isə 233 milyon dollar təşkil edir.

Bu aktivlərin dəyəri Trampın seçkidə qələbəsindən sonra əhəmiyyətli dərəcədə artıb. Lakin sonradan kriptovalyuta bazarındakı eniş fonunda onların qiyməti azalıb.

Trampın qolf klubları və kurortları

ABŞ prezidentinin sərvətinin ikinci ən böyük mənbəyi qolf klubları və kurortlarıdır.

“Forbes” onların ümumi dəyərini təxminən 1,8 milyard dollar qiymətləndirir. Bura ABŞ-dakı 10 qolf klubu, Floridadakı “Mar-a-Lago” kurortu, “Trump National Doral Miami” və Avropadakı üç obyekt – Şotlandiyada iki, İrlandiyada isə bir obyekt daxildir.

“Mar-a-Lago”nun dəyəri 650 milyon dollar, “Trump National Doral”dakı Tramp payının dəyəri isə borclar çıxıldıqdan sonra təxminən 365 milyon dollar hesablanır.

Daşınmaz əmlak da böyük paya sahibdir

Trampın sərvətinin daha 1,1 milyard dolları daşınmaz əmlak investisiyalarının payına düşür.

Əsas aktivlər arasında Nyu-York və San-Fransiskodakı ofis-ticarət komplekslərində paylar, “Trump Tower”, Floridadakı yaşayış obyektləri, eləcə də digər binalar və torpaq sahələri var.

“Forbes” sərvəti hesablayarkən borcu olan daşınmaz əmlak aktivlərinin dəyərindən həmin borcları çıxır.

“Truth Social” şirkətinin dəyəri 1 milyard dollar hesablanır

“Forbes” Trampın “Truth Social” sosial şəbəkəsinin sahibi olan “Trump Media & Technology Group” şirkətindəki payını da təxminən 1 milyard dollar qiymətləndirir.

Lakin şirkətin maliyyə göstəriciləri zəif olaraq qalır. 2025-ci ildə şirkətin gəliri cəmi 3,7 milyon dollar olub, xalis zərəri isə 712 milyon dollar təşkil edib.

“Trump Media” səhmlərinin son bir ildə ucuzlaşması Trampın sərvətinin azalmasına səbəb olan əsas amillərdən biri olub.

Digər aktivlər və öhdəliklər

“Forbes” Trampın digər aktivlərini təxminən 700 milyon dollar qiymətləndirir. Bu məbləğin ən böyük hissəsi – 655 milyon dollar – onun lisenziyalaşdırma və idarəetmə biznesinin payına düşür.

Bundan başqa, prezidentin təyyarəsi və helikopteri, məhsulların lisenziyalaşdırılması biznesində payı, pensiya aktivləri və digər investisiyaları var.

Eyni zamanda “Forbes” Trampın təxminən 140 milyon dollar əlavə öhdəliyini də nəzərə alır. Bunun təxminən 94 milyon dolları hüquqi öhdəliklər, 50 milyon dolları isə aktivlərin girovu müqabilində açılmış kredit xətti ilə bağlıdır.

Beləliklə, son bir ildə sərvətinin qiymətləndirilməsi təxminən 300 milyon dollar azalsa da, Donald Trampın ümumi sərvəti “Forbes”in 2024-cü il seçkilərində qələbəsindən sonra hesabladığı göstəricidən 2,7 milyard dollar yüksək olaraq qalır.

Nəşrin məlumatına görə, Trampın Ağ Evə qayıdışından sonra bağladığı kriptovalyuta layihələri və sövdələşmələr sərvətindəki artımın əhəmiyyətli hissəsini təmin edib.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.