“ABŞ-ın Yaxın Şərq siyasəti İsrailə tabe ola bilməz” –Vitse-prezident Vens

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Yaxın Şərq siyasətini İsrailin maraqlarına uyğunlaşdırmamalı olduğunu bildirib.

VIN News-un məlumatına görə, Vens bu barədə All-In podkastının təşkil etdiyi konfransda çıxış edərkən danışıb.

“Biz Yaxın Şərqdə xarici siyasətimizin İsrail dövlətinə tabe olmasına imkan verə bilmərik”, – deyə vitse-prezident bildirib.

Vens İsraili ABŞ üçün hərbi texnologiyalar və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində mühüm tərəfdaş adlandırıb. Bununla belə, onun sözlərinə görə, müttəfiqlik bütün məsələlərdə fikir birliyi demək deyil.

Vitse-prezident ABŞ Prezidenti Donald Trampın son 40 ildə digər prezidentlərlə müqayisədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılığına getməyə daha çox hazır olduğunu bildirib.

“Tramp son 40 ildə ‘Bəli, Bibi yaxşı tərəfdaşdır, amma bu məsələ ilə bağlı bizim fərqli fikirlərimiz var’ deməyə hazır olan yeganə prezidentdir”, – Vens deyib. O, Netanyahunun İsrailin maraqları baxımından hansısa məsələdə haqlı ola biləcəyini, lakin Trampın bununla belə ABŞ-ın maraqlarına əsaslanaraq fərqli qərar verə biləcəyini vurğulayıb.

Vens bildirib ki, Vaşinqtonun digər müttəfiqləri ilə münasibətlərində də əsas meyar ABŞ-ın milli maraqları olmalıdır.

O, NATO-nu nümunə göstərib: “Bizim NATO çərçivəsində çoxlu mühüm münasibətlərimiz və tərəfdaşlıqlarımız var. Lakin bu, Avropa xarici siyasətimizi tamamilə NATO-ya tabe etməyimiz demək deyil. Eyni şəkildə, Yaxın Şərqdəki xarici siyasətimizin də İsrail dövlətinə tabe olmasına imkan verə bilmərik”.

Vitse-prezidentin sözlərinə görə, ABŞ maraqlarının digər ölkələrlə üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq edəcək, fərqli olduğu məsələlərdə isə fikir ayrılıqlarını qoruyacaq. “Biz Amerikanın maraqlarını təmin edəcəyik. Rasional xarici siyasəti yalnız bu şəkildə həyata keçirmək mümkündür”, – Vens bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.