“Bakıda tunel tikməkdənsə, kənddə qazı və işığı ucuzlaşdırın” –Zahid Orucdan hökumətə çağırış

Bakıda əhali sıxlığının və daxili miqrasiyanın yaratdığı yükü azaltmaq üçün bölgələrdə yaşayışın daha cəlbedici edilməsi təklif olunur.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sentyabrın 21-də komitənin iclasında ölkədə məskunlaşma siyasətinə yenidən baxılmasının vacibliyindən danışıb.

Deputat bildirib ki, xüsusilə sərhəd kəndlərində əhalinin məskunlaşması qorunmalıdır. Onun sözlərinə görə, Bakıda əhalinin dəqiq monitorinqi aparılmalı, paytaxtda yaşayan insanların mühüm hissəsinin, xüsusilə kənd rayonlarından gələnlərin kirayədə yaşaması nəzərə alınmalıdır.

Hazırda Bakı Azərbaycanın ən böyük əhali mərkəzidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkə əhalisi 10 milyon 273 min 450 nəfər olub və bunun 22,9 faizi Bakı şəhərinin payına düşüb. Bu, təxminən 2 milyon 353 min nəfər deməkdir.

Zahid Oruc hesab edir ki, bölgələrdən paytaxta axın Bakıda nəqliyyat, mənzil və əmək bazarına əlavə təzyiq yaradır.

“Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına edilən basqını artırırıq və hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur”, – deyə deputat bildirib.

“Bakıda tunel tikməkdənsə, kənddə qazı və işığı ucuzlaşdırın”

Zahid Oruc problemin yalnız Bakıda yeni yolların, tunellərin və yol qovşaqlarının tikilməsi ilə həll olunmadığını düşünür. O, bölgələrdə insanların qalması üçün iqtisadi stimulların artırılmasını təklif edib.

Deputatın fikrincə, kəndlərdə elektrik enerjisi və qaz tariflərinin aşağı salınması, bölgələrdə ipoteka imkanlarının genişləndirilməsi, emal müəssisələri üçün vergi güzəştlərinin tətbiqi və müəllimlərlə həkimlərin əməkhaqlarının artırılması insanların kənddə yaşamasını daha cəlbedici edə bilər.

“Biz həmişə bunu söyləyirik ki, elektrik enerjisinin tarifini üç dəfə azaldacaqsan. Kənddə qaz mövcuddursa, onu üç dəfə azaldacaqsan. Bu, büdcə üçün böyük bir itki yaratmır, əksinə Bakıda tunelə və yaxud da o əhalinin məskunluğuna çəkilən xərclər bundan bir neçə dəfə artıqdır”, – deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, dövlətin bölgələrə yönəlik siyasəti yalnız sosial yardım və infrastrukturla məhdudlaşmamalı, kənddə real iqtisadi fəaliyyət yaratmalıdır.

“Kənddə yaşamağın üstünlüyü hiss olunmalıdır”

Zahid Oruc bölgələrdə ipoteka imkanlarının genişləndirilməsini və emal müəssisələrinə vergi güzəştləri tətbiq edilməsini təklif edib. O, həmçinin müəllim və həkimlərin əməkhaqlarının bölgələrdə daha yüksək əmsalla hesablanmasının insanların kənd və rayonlarda qalmasına təsir edə biləcəyini deyib.

“Vətəndaş kənddə yaşamağın üstünlüyünü, cazibəsini hiss edəcək, bu dünyada keçirilmiş yoldur”, – deyə deputat qeyd edib.

Komitə sədri kəndlərdə sosial infrastrukturun zəifləməsinin məskunlaşma problemini daha da dərinləşdirdiyini vurğulayıb. “Əgər poçtu, tibb məntəqəsini bağlayırıqsa, məktəb də bu gedişatla bağlanmaq vəziyyətində qalırsa, o halda kəndin özünün varlığı sual altına düşür”, – Oruc bildirib.

Boşalan kəndlərə qayıdış proqramı

Deputat boşalan kəndlərin yenidən canlandırılması üçün xüsusi proqram hazırlanmasını təklif edib.

Onun fikrincə, məqsəd yalnız insanları kəndə qaytarmaq deyil, həmin ərazilərdə iqtisadi həyat yaratmaq olmalıdır. Buraya kənd təsərrüfatı, ekoloji təmiz məhsul istehsalı və kənd turizminin inkişafı da daxil ola bilər.

“Bizim boşalan kəndlərimizə qayıdış proqramı lazımdır. Həqiqətən insanlar o bölgələrdə yaşasınlar və ekoloji təmiz məhsul istehsal olunsun. Kəndə gedəndə kəndli insanı görəsən, kənd turizmi inkişaf etsin”, – deyə Zahid Oruc bildirib.

Beləliklə, deputatın təklifinin mahiyyəti Bakıya yeni infrastruktur yatırımlarının artırılmasından çox, əhalinin paytaxta axınını yaradan iqtisadi səbəblərin bölgələrdə aradan qaldırılmasıdır.

Bu yanaşmaya görə, kənddə iş, gəlir, sosial xidmət və yaşayış üçün normal şərait yaradılarsa, daxili miqrasiya da tədricən zəifləyə bilər. Zahid Oruc bunun nəticələrinin isə dərhal deyil, 5-7 il sonra özünü göstərə biləcəyini bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.