Rusiya və İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm həlqəsinə çevriləcək Rəşt–Astara dəmir yolu xəttinin tikintisi layihəsinin həyata keçirilməsi üçün sənədlər paketi imzalayıb.
Bu barədə Rusiyanın baş nazirinin müavini Andrey Nikitin məlumat verib.
Azpost.info bildirir ki, bu barədə TASS xəbər verir.
Tehranda Rusiyanın “Kaspian Servisez” təşkilatı və İranın CDTIC şirkəti bütün marşrut boyunca torpaq sahələrindən qabaqlayıcı mühəndis-axtarış işlərinin aparılması üçün istifadə imkanlarının verilməsinə dair protokol imzalayıb. Tərəflər, həmçinin müqaviləyə əlavə saziş bağlayıblar.
Nikitinin sözlərinə görə, torpaq sahələri artıq təhvil verilib. Bu, mühəndis işlərini davam etdirməyə və onların aparılması müddətini uzatmağa imkan verəcək.
Cari ildə rusiyalı mütəxəssislər dayaq geodeziya şəbəkəsi yaradıblar və aerofotoçəkiliş aparıblar. Hazırda hidroloji-meteoroloji tədqiqatlar və topoqrafik çəkiliş işləri həyata keçirilir.
Rəşt–Astara dəmir yolu xətti Rusiya və İranın dəmir yolu şəbəkələrini birləşdirəcək. Bu hissə Fars körfəzinə və daha sonra Cənubi Asiya ölkələrinə yüklərin fasiləsiz dəmir yolu ilə çatdırılmasını təmin etməli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas elementlərindən biri hesab olunur.
