Dünya tıxacda boğulur: İstanbul zirvədə, Çikaqoda sürücülər 2 min dollar itirir– Bakı necədir?

Dünyanın böyük şəhərlərində tıxac problemi yenidən dərinləşir. INRIX-in 2025 Global Traffic Scorecard hesabatına görə, araşdırılan 36 ölkə və təxminən 1000 şəhərin böyük hissəsində yol gecikmələri artıb.

Azpost.info bildirir ki, hesabatı Milli Məclisin deputatı Zahid Oruc da paylaşıb.

Araşdırmaya görə, təhlil edilən 290 ABŞ şəhərinin 88 faizində tıxac səviyyəsi yüksəlib. 290 şəhərin 254-də gecikmələr artıb və avtomobillə hərəkət pandemiyadan əvvəlki səviyyəyə qayıdıb.

ABŞ-da ən çox vaxt itirilən şəhər Çikaqo olub. Burada bir sürücü il ərzində orta hesabla 112 saatını tıxacda keçirib. Ardınca Nyu-York – 102 saat, Filadelfiya – 101 saat, Los-Anceles – 87 saat və Boston – 83 saat gəlir.

Tıxacın iqtisadi qiyməti də böyükdür. Çikaqoda bir sürücünün tıxac səbəbindən illik iqtisadi itkisi 2 063 dollar hesablanıb.

İctimai nəqliyyat geridə qalır

Hesabatda tıxacın artmasının səbəbləri sırasında şəhərlərin böyüməsi, əhalinin artması, mənzil qiymətlərinin yüksəlməsi və insanların iş yerlərindən daha uzaqda yaşaması göstərilir.

ABŞ-da insanların 75 faizdən çoxu işə avtomobillə gedir. Evdən işləyənlərin payı 13 faiz, ictimai nəqliyyatdan istifadə edənlərin payı isə cəmi 4 faizdir.

Diqqətçəkən başqa rəqəm isə ictimai nəqliyyatla bağlıdır. Avtomobillə işə gedənlərin sayı 2019-cu il səviyyəsinə yaxınlaşsa da, ictimai nəqliyyatdan istifadə hələ də 2019-cu ildən 22 faiz aşağıdır.

Bəzi şəhərlərdə tıxac azalıb

Qlobal mənzərə tam eyni deyil. London, Paris və Nyu-Yorkda tıxac səviyyəsi 2025-ci ildə ya sabit qalıb, ya da azalıb.

Xüsusilə Nyu-Yorkda tətbiq edilən congestion pricing – tıxac rüsumu şəhərin nəqliyyat axınının idarə edilməsinə təsir edən amillərdən biri kimi göstərilir.

Londonun nəticəsi də diqqət çəkir. Böyük Britaniyada yol gecikmələrinin demək olar ki, yarısı Londonun payına düşür. Buna görə paytaxtda tıxacın azalması ölkənin ümumi göstəricisinə ciddi təsir edir.

Hesabat müəllifləri hesab edir ki, şəhərlərin artan nəqliyyat yükünə uyğunlaşması üçün yol infrastrukturu ilə yanaşı, ictimai nəqliyyat, mikromobillik və yeni texnologiyalara da diqqət artırılmalıdır.

Bəs Bakıda vəziyyət necədir?

Dünyanın böyük şəhərləri tıxac problemini müxtəlif üsullarla azaltmağa çalışdığı halda, Bakı üçün də məsələ getdikcə daha aktual xarakter alır.

Paytaxtda əhali və avtomobillərin sayının artması, şəhərin əsas magistrallarında nəqliyyat yükünün cəmlənməsi, pik saatlarda alternativ marşrutların məhdudluğu tıxacları gündəlik probleminə çevirir.

Bakı ilə bağlı ayrıca maraqlı sual yaranır: paytaxt sakini il ərzində neçə saatını tıxacda keçirir və bunun iqtisadi qiyməti nə qədərdir?

INRIX-in müxtəlif ölkələr üçün tətbiq etdiyi metodologiya kimi konkret göstəricilərlə Bakıda da “tıxacda itirilən saat + yanacaq itkisi + iş vaxtının itkisi + ictimai nəqliyyatın sürəti” hesablanarsa, problemin şəhər iqtisadiyyatına real qiyməti ortaya çıxa bilər.

Bu baxımdan dünya təcrübəsi göstərir ki, tıxac yalnız yolda avtomobillərin çoxluğu deyil, şəhər planlaşdırılması, mənzil siyasəti, ictimai nəqliyyat və iş yerlərinin coğrafiyası ilə bağlı iqtisadi problemdir.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.