İçərişəhərdə fəaliyyət göstərən bəzi restoran və iaşə obyektlərinin icarə müqavilələrinin 6 aylıq müddətə bağlanması sahibkarlar arasında narazılığa səbəb olub. Sahibkarlar belə müddətin uzunmüddətli fəaliyyət planı qurmağa imkan vermədiyini bildirirlər.
Azpost.info bildirir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud APA İnformasiya Agentliyinə və “Xəzər” televiziya kanalına müsahibəsində məsələyə aydınlıq gətirib.
Sədr bildirib ki, İçərişəhərdə standart icarə müqaviləsinin müddəti 6 ay deyil, 11 aydır.
Onun sözlərinə görə, müqavilənin müddəti sahibkarın obyektə yatırdığı investisiyadan və fəaliyyətinin nəticələrindən də asılıdır.
“Əgər sahibkar həmin obyektə əlavə investisiya yatırarsa, o vəsait qeydə alınır və onun geridönüş müddəti hesablanaraq müqavilə imzalanır”, – deyə Rüfət Mahmud bildirib.
6 aylıq müqavilə kimlərə tətbiq olunur?
İdarə Heyətinin sədri qeyd edib ki, 6 aylıq müqavilə bütün sahibkarlara tətbiq olunan standart qayda deyil.
Belə müddət icarə müqaviləsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməyən sahibkarlarla bağlı tətbiq olunur.
Bura icarə haqqının vaxtında ödənilməməsi, xidmət səviyyəsinin aşağı olması, obyektlə bağlı narazılıqların yaranması və sanitar normalara əməl edilməməsi kimi hallar daxildir.
Rüfət Mahmudun sözlərinə görə, belə hallarda sahibkara əvvəlcə xəbərdarlıq edilir və növbəti müqavilə 6 aylıq bağlanır.
“Bu müddət ərzində həmin nöqsanlar aradan qaldırılmalıdır”, – deyə o bildirib.
6 ay cəza deyil
Rüfət Mahmud 6 aylıq müqavilənin sahibkara tətbiq olunan cəza olmadığını xüsusi vurğulayıb.
Onun sözlərinə görə, bu müddət sahibkara fəaliyyətdəki problemləri aradan qaldırmaq üçün verilən müəyyən bir zaman və məsuliyyət mexanizmidir.
Əgər sahibkar 6 ay ərzində müəyyən edilmiş nöqsanları aradan qaldırarsa, müqavilənin sonrakı müddət üçün uzadılması məsələsinə baxıla bilər.
Əks halda, icarə müqaviləsinin müddəti uzadılmır.
Beləliklə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin açıqlamasına görə, 6 aylıq icarə müddəti ümumi qayda deyil, müqavilə öhdəliklərinin pozulması ilə bağlı tətbiq edilən nəzarət mexanizmidir.