Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman istiqamətində keçirdiyi əməliyyatın növbəti mərhələsində 51 kvadratkilometr əraziyə nəzarəti bərpa etdiyini və 250-dən çox Rusiya hərbçisini əsir götürdüyünü açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski məlumat verib. Korpusun Telegram kanalında əsir götürülən hərbçilərin görüntüləri də yayımlanıb.
Biletskinin sözlərinə görə, söhbət “Vivaldi” adlı əks-hücum əməliyyatının üçüncü mərhələsindən gedir. Ukrayna tərəfi bu mərhələni əməliyyatın “dönüş nöqtəsi” kimi qiymətləndirir.
Məlumata görə, bu mərhələdə Novoye, Redkodub və Katerinovka yaşayış məntəqələri üzərində nəzarət bərpa edilib. Həmçinin Karpovka və Novomixaylovka üzərində nəzarətin yenidən təmin edildiyi bildirilir.
Ukrayna hərbçilərinin açıqlamasına əsasən, əməliyyatın əvvəlindən Liman istiqamətində ümumilikdə 176 kvadratkilometr ərazi nəzarətə götürülüb. Üçüncü mərhələdə Rusiya tərəfinin itkilərinin təxminən 2 min hərbçi olduğu da iddia edilir.
Biletski bildirib ki, əməliyyat zamanı Sovet istehsalı BTR-60 zirehli transportyorları uzaqdan idarə olunan kamikadze robot komplekslərinə çevrilib. Ukrayna tərəfi bu vasitələrdən Rusiya ordusunun istehkamlarına qarşı istifadə edildiyini açıqlayıb.
Komandanın məlumatına görə, 250-dən çox rusiyalı hərbçi, o cümlədən zabitlər, pilotsuz uçuş aparatlarının operatorları və artilleriyaçılar əsir götürülüb. Bəzi hərbçilərin bütöv bölmələr halında təslim olduğu bildirilir.
Qeyd edək ki, “Vivaldi” əməliyyatı çərçivəsində Ukrayna qüvvələri əvvəlki mərhələlərdə də Liman istiqamətində bir sıra yaşayış məntəqələrinə nəzarəti bərpa etdiklərini açıqlamışdı.
Rəqəmlər və əraziyə nəzarətlə bağlı məlumatlar hazırda əsasən Ukrayna hərbi komandanlığının açıqlamalarına əsaslanır; müstəqil şəkildə bütün göstəricilərin təsdiqi mümkün deyil.