Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan çox nağd pul çıxarmasına məhdudiyyət qoyub. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur.
İqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, qərarın əsas hədəfi Azərbaycana pul köçürmələrini məhdudlaşdırmaq deyil, Rusiyadan maliyyə sistemindən kənar böyük həcmdə nağd vəsaitin çıxarılmasının qarşısını almaqdır.
Rusiya niyə belə qərar verdi?
Ekspertin sözlərinə görə, qərarın səbəbləri son günlər Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankının açıqlamalarında görünür. Belə ki, mövcud mexanizmdən sui-istifadə halları aşkarlanıb. Eyni təsdiqedici sənədlərdən istifadə etməklə bir neçə dəfə nağd pulun ölkədən çıxarılmasına cəhdlərin olduğu bildirilib. Bu səbəbdən Rusiya Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Gömrük Xidməti arasında məlumat mübadiləsinin gücləndirilməsi, o cümlədən eyni sənədlərin təkrar istifadəsinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Əmirov hesab edir ki, bu məlumatlar Rusiyadan maliyyə sistemindən kənar böyük həcmdə nağd vəsait çıxarılması ilə bağlı müəyyən siqnalların olduğunu göstərir. Əvvəlki məhdudiyyət əsasən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə aid idi. Yeni qərarla isə Azərbaycan, Tacikistan və Özbəkistan da ayrıca siyahıya daxil edilib.
Azərbaycana ildə yüz milyonlarla dollar köçürülür
Məhdudiyyətin Azərbaycana təsirini qiymətləndirərkən Rusiyanın ölkəyə pul köçürmələrindəki payı xüsusi əhəmiyyət daşıyır. Eldəniz Əmirovun təqdim etdiyi məlumatlara görə, 2024-cü ildə Rusiyadan Azərbaycana 497 milyon dollar, 2025-ci ildə isə 479,3 milyon dollar pul köçürülüb. 2025-ci ildə Azərbaycana ümumilikdə 1,177 milyard dollar pul köçürülüb. Bunun təxminən 41 faizi Rusiyanın payına düşüb.
2026-cı ilin ilk yarısında isə Rusiyadan Azərbaycana pul köçürmələri 356,7 milyon dollara çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,4 faiz artım deməkdir. Həmin məbləğin Azərbaycanın bu dövrdə aldığı bütün pul köçürmələrində payı isə 47,6 faiz təşkil edib.
Ekspert mühüm bir məqama diqqət çəkir: Rusiyadan Azərbaycana daxil olan yüz milyonlarla dolların əsas hissəsi bank infrastrukturu və pulköçürmə sistemləri vasitəsilə göndərilir. Yeni qərarın tətbiq olunduğu məbləğ isə başqa kateqoriyadır. Burada söhbət məhz fiziki şəkildə Rusiyadan çıxarılan nağd puldan gedir.
Rusiyadan Azərbaycana il ərzində insanların cibində, çantasında və ya baqajında nə qədər nağd rubl gətirildiyi barədə ayrıca açıq rəsmi statistika yoxdur. Bu səbəbdən yeni məhdudiyyətin Azərbaycan iqtisadiyyatına dəqiq neçə milyon dollar təsir göstərəcəyini hesablamaq mümkün deyil.
“Azərbaycana ümumi pul axınına ciddi təsir etməyəcək”
Eldəniz Əmirovun fikrincə, yeni məhdudiyyətin Azərbaycana ümumi pul axınına təsiri ciddi olmayacaq. Ekspert bildirir ki, 1 milyon rublu – təxminən 20 min manatı – nağd şəkildə ölkədən çıxarmaq mümkündür, bundan artıq vəsaitin isə bank vasitəsilə köçürülməsi variantı qalır. Bu baxımdan məhdudiyyət daha çox iri məbləğlərin nağd və maliyyə sistemindən kənar daşınmasına təsir göstərə bilər.