Rusiyanın neft gəliri rekord həddə çatdı –Həftəyə 2,75 milyard dollar qazanır

Rusiya ötən həftə neft ixracından 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasından bəri ən yüksək həftəlik gəliri əldə edib.

Bloomberg-in gəmi hərəkətləri ilə bağlı məlumatların təhlilinə əsasən, sentyabrın 27-dək olan həftə ərzində Rusiyanın limanlarından sutkada orta hesabla 3,99 milyon barel xam neft ixrac olunub.

Neft ixracının hesablanmış dəyəri həftə ərzində 2,75 milyard dollar təşkil edib. Bu, əvvəlki həftə ilə müqayisədə 180 milyon dollar çoxdur.

Son dörd həftənin orta göstəricisi də yüksəlib. Bu dövrdə Rusiyanın həftəlik neft ixracından orta gəliri 2,39 milyard dollar olub. Bu göstərici əvvəlki dörd həftəlik dövrlə müqayisədə 290 milyon dollar çoxdur və may ayının ikinci yarısından bəri ən yüksək səviyyədir.

Neft emalı zavodlarına zərbələr xam nefti ixraca yönəldir

Bloomberg yazır ki, Rusiyanın neft gəlirlərinin artmasının səbəblərindən biri ölkənin neft emalı sektorundakı vəziyyətdir. Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına hücumları nəticəsində daxili bazarda yanacaq çatışmazlığı yaranıb. Eyni zamanda Moskvanın dizel və benzinin ixracına qoyduğu məhdudiyyətlər davam edir.

Nəticədə Rusiyada emal edilə bilməyən xam neftin bir hissəsi xarici bazarlara yönəlir. Dizel ixracına qoyulan qadağanın oktyabrın sonuna qədər uzadılması gözlənilir. Halbuki Ukraynanın hücumlarının yayda intensivləşməsindən əvvəl Rusiya gündə təxminən 1 milyon barel dizel ixrac edirdi.

Neft bahalaşıb, Rusiya daha az endirim edir

Rusiya üçün digər əlverişli amil dünya neft qiymətlərinin yüksək olmasıdır. Yaxın Şərqdə gərginliyin artması Brent markalı neftin qiymətini 100 dollardan yuxarı saxlayır. Bu vəziyyət Rusiya neftinə tələbatı da artırıb.

Məlumata görə, sentyabrın ortalarında Rusiyanın qərb limanlarından əsasən Hindistana göndərilən Urals neftinin qiyməti 110 dolları, Çinin aldığı Uzaq Şərq mənşəli ESPO neftinin qiyməti isə 120 dolları keçib.

Bu, Rusiyanın neft satışında əvvəlki dövrlərdə tətbiq etdiyi böyük endirimlərin də azalması deməkdir.

Urals Rusiya büdcəsindəki qiymətdən iki dəfə bahadır

Hazırkı qiymətlər Rusiya büdcəsi üçün xüsusilə əhəmiyyətlidir. Urals neftinin qiyməti təxminən 110 dollar olduğu halda, Rusiya büdcəsində hesablamalar üçün nəzərdə tutulan qiymət 59 dollar səviyyəsindədir. Yəni faktiki satış qiyməti büdcədə nəzərdə tutulan göstəricidən təxminən iki dəfə yüksəkdir.

Bu, dövlət büdcəsinə daxilolmaları artırmaq üçün Moskvanın əlində əlavə imkan yaradır. Rusiya 2026-cı ildə “milli müdafiə” maddəsi üzrə 12,9 trilyon rubl xərcləməyi planlaşdırır. 2027-ci il üçün isə Maliyyə Nazirliyinin layihəsində bu rəqəm 17,1 trilyon rubl göstərilir. Bu məbləğ ölkənin ÜDM-nin təxminən 6,9 faizinə və bütün dövlət xərclərinin 35 faizinə bərabərdir.

Lakin neft məhsullarının ixracı azalır

Yüksək xam neft gəlirlərinə baxmayaraq, Rusiyanın enerji sektorunda problem qalmaqdadır. Çünki Moskva hazırda neft məhsullarının, xüsusilə dizel və benzinin ixracından əvvəlki səviyyədə gəlir əldə edə bilmir. Raiffeisenbank analitiklərinin hesablamalarına görə, Rusiyanın neft və neft məhsullarının ümumi ixracı pandemiyadan bəri ən aşağı səviyyəyə düşüb və ayda təxminən 28 milyon ton təşkil edir.

Beləliklə, Rusiyanın enerji gəlirlərində maraqlı ziddiyyət yaranıb: xam neftin yüksək qiyməti və böyük ixrac həcmi gəlirləri artırır, lakin neft emalına zərbələr və yanacaq ixracına məhdudiyyətlər daha yüksək gəlir gətirən neft məhsullarının satışını azaldır.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.