Bu həftə ABŞ və İran arasında diplomatik sıçrayışa nail olmaq üçün Qətər vasitəçilərinin göstərdiyi səylər nəticə verməyib. Tərəflərdən heç biri güzəştə getmək istəmir.
Bu barədə Axios məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbələrdən biri bildirib ki, danışıqlar dalana dirənib: “Onlar çıxılmaz vəziyyətə düşüblər. İran ABŞ-ın qəbul etməyə hazır olmadığı tələbləri irəli sürür. ABŞ isə qalib gəldiyini düşünür və buna görə də kompromisə getməyə ehtiyac görmür.”
Qeyd olunur ki, tərəflər arasında hərbi qarşıdurmanın yenidən başlamasının mümkün olduğu qənaəti getdikcə güclənir.
Portalın məlumatına görə, ABŞ rəsmiləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra genişmiqyaslı hərbi əməliyyatların bərpası barədə əmr verə bilər.
Axios-un mənbələri bildiriblər ki, Qətər hakimiyyəti vasitəçilik səylərini davam etdirəcək. Lakin tərəflərin mövqeyi Dohada getdikcə daha çox məyusluq yaradır. Portal xatırladır ki, bazar ertəsi Qətər diplomatı Əli əl-Təvadi Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi və onun komandası ilə saatlarla görüş keçirib.
Mənbənin sözlərinə görə, görüşdə Qətərin hazırladığı iki səhifəlik kompromis təklifi müzakirə olunub.
Digər iki mənbə bildirib ki, Qətərin planı həm İranın ABŞ tərəfindən tətbiq olunan dəniz blokadasının aradan qaldırılması tələbini, həm də ABŞ-ın İrandan nüvə təhlükəsizliyi ilə bağlı təminatlar alınması istəyini uzlaşdırmağa yönəlib.
Həmin gün axşam Qətər vasitəçisi Vaşinqtonda Trampın nümayəndəsi Jared Kuşner və digər ABŞ rəsmiləri ilə danışıqlar aparıb. Görüşün bir hissəsində ABŞ-ın vitse-prezidenti Cey Di Vens də iştirak edib.
ABŞ rəsmiləri Axios da daxil olmaqla bir sıra KİV-ə bildiriblər ki, danışıqlar “müsbət və konstruktiv” keçib və İran “nüvə məsələləri üzrə kompromisə hazır olduğunu nümayiş etdirib”.