“Aqrar sahə haqqında” yeni qanun layihəsinin qəbulu Azərbaycanda kənd təsərrüfatının inkişafı baxımından mühüm dəyişikliklər vəd edir. İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, qanunun adında “region” sözü olmasa da, onun qəbul edilməsi və xüsusilə dəqiq icrası regional inkişaf üçün ciddi əhəmiyyət daşıyır.
Ekspert hesab edir ki, yeni qanun kənd təsərrüfatında yalnız ayrı-ayrı sahələri tənzimləyən mövcud yanaşmanı dəyişdirərək daha sistemli mexanizmlər formalaşdıra bilər. Layihə qəbul olunarsa, hazırda qüvvədə olan “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğvi nəzərdə tutulur. Digər xüsusi istiqamətlər üzrə qanunlar isə qüvvədə qalacaq.
Bəs yeni qanun fermer və aqrar biznes üçün konkret olaraq nəyi dəyişə bilər?
Fermerlərin reytinq sistemi yaradılacaq
Layihədə aqrar məhsul istehsalçılarının reytinq sisteminin yaradılması nəzərdə tutulur.
Bu sistem çərçivəsində fermerlərin iqtisadi səmərəliliyi, resurslardan istifadə səviyyəsi və dövlət dəstəyindən düzgün yararlanması qiymətləndirilə bilər.
Ən mühüm məqam isə reytinqin yalnız statistik göstərici kimi qalmamasıdır. Dövlət dəstəyinin göstərilməsi zamanı bu qiymətləndirmənin nəzərə alınması planlaşdırılır.
Beləliklə, fermerin istehsal nəticələri və dövlət resurslarından istifadəsi gələcəkdə onun yeni dəstək imkanlarına çıxışına təsir edə bilər.
Fermer məhsulu satmadan əvvəl alıcı tapa biləcək
Yeni qanunun əsas yeniliklərindən biri müqaviləli istehsalın genişləndirilməsi ola bilər. Fermer məhsulu yetişdirməzdən əvvəl alıcı ilə məhsulun miqdarını, keyfiyyətini, qiymətini və ya qiymətin hansı qaydada müəyyənləşdiriləcəyini razılaşa biləcək. Bu mexanizm kənd təsərrüfatının ən böyük problemlərindən birinə – “məhsulu yetişdirdim, amma kimə və neçəyə satacağam?” sualına müəyyən cavab verə bilər. Xüsusilə məhsul bolluğu zamanı fermerin bazarda alıcı axtarması və qiymətin kəskin aşağı düşməsi riskinin azaldılması baxımından müqaviləli istehsal əhəmiyyətlidir.
Məhsul bolluğu zamanı dövlət bazara müdaxilə edə biləcək
Layihədə dövlətin aqrar bazara müdaxilə mexanizmləri də nəzərdə tutulur. Zərurət yarandıqda dövlət məhsul ala, ehtiyat yarada və məhsulun saxlanması xərclərini subsidiyalaşdıra bilər. Bu mexanizmin əsas məqsədi bazarda təklifin kəskin artdığı dövrlərdə qiymətlərin sürətlə aşağı düşməsinin qarşısını almaqdır. Bu xüsusilə fermer üçün vacibdir. Çünki kənd təsərrüfatında məhsulun maya dəyəri əvvəlcədən formalaşır, lakin satış zamanı bazar qiyməti kəskin dəyişə bilir.
Parçalanmış torpaqların problemi azaldıla bilər
Kənd təsərrüfatında səmərəliliyin qarşısındakı problemlərdən biri torpaq sahələrinin kiçik və parçalanmış olmasıdır. Yeni qanun layihəsində torpaqların konsolidasiyası, kooperativləşmə və vahid əkin imkanlarının yaradılması nəzərdə tutulur. Bu, texnikadan daha səmərəli istifadə, məhsuldarlığın artırılması və istehsal xərclərinin aşağı salınması baxımından əhəmiyyətli ola bilər. Kiçik fermer təsərrüfatlarının birgə fəaliyyət göstərməsi onların bazarda daha böyük iştirakçıya çevrilməsinə də imkan yarada bilər.
Fermer məhsulunu harada sata biləcək?
Layihə fermerlərin satış imkanlarının genişləndirilməsini də nəzərdə tutur. Aqrar bazarlar və yarmarkalarla yanaşı fermer mağazaları, səyyar satış yerləri və elektron platformaların yaradılması imkanları genişləndirilə bilər. Kooperativlərin öz satış məntəqələrini yaratması da nəzərdə tutulan mexanizmlər sırasındadır. Bu isə fermerlə son istehlakçı arasındakı məsafənin qısalmasına şərait yarada bilər.
Dövlət dəstəyinin alətləri genişlənir
Yeni qanun layihəsində aqrar sahəyə dövlət dəstəyinin müxtəlif formaları müəyyənləşdirilir. Buraya subsidiyalarla yanaşı güzəştli kredit və lizinq, qrantlar, dövlət investisiyaları, vergi və gömrük güzəştləri, aqrar sığorta və digər mexanizmlər daxildir. Beləliklə, kənd təsərrüfatında dövlət dəstəyinin yalnız subsidiya ilə məhdudlaşmayan daha geniş çərçivəsinin formalaşdırılması hədəflənir.
Hər rayonda hər məhsulu yetişdirmək yanaşması dəyişə bilər
Layihədə regionların aqrar ixtisaslaşması və bitkilərin rayonlaşdırılmasının dövlət dəstəyi ilə əlaqələndirilməsi də nəzərdə tutulur. Başqa sözlə, müəyyən ərazidə hansı məhsulun daha səmərəli yetişdirilməsi dövlət dəstəyi mexanizmlərində nəzərə alına bilər. Bu yanaşma resursların daha səmərəli bölüşdürülməsinə və regionların öz aqrar potensialına uyğun ixtisaslaşmasına imkan verə bilər.
Fermer haqqında daha çox məlumat rəqəmsal sistemdə toplanacaq
Yeni mexanizmdə rəqəmsal məlumat sisteminin rolu da artırılır. Fermerlərin qeydiyyatı, dövlət xidmətlərindən istifadə və müxtəlif dəstək tədbirləri ilə bağlı məlumatların vahid sistemdə toplanması nəzərdə tutulur. Bu məlumatların gələcəkdə dövlət dəstəyinin verilməsi zamanı əsas götürülməsi planlaşdırılır. Beləliklə, fermerin fəaliyyətinin daha çox məlumat və göstəricilər əsasında qiymətləndirilməsi mümkün olacaq.
Amma əsas məsələ qanunun özündən sonra başlayır
Eldəniz Əmirovun fikrincə, yeni qanunun yaratdığı imkanlarla yanaşı, burada ciddi bir “amma və lakin” məsələsi də var. Ekspert hesab edir ki, qanunun qəbul edilməsi hələ onun iqtisadi nəticə verməsi demək deyil. Əsas nəticəni qanundan sonra hazırlanacaq tətbiq mexanizmləri müəyyən edəcək. Bunun üçün dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməli, regionlarda qanunun icrasında iştirak edən qurumların fəaliyyəti əlaqələndirilməlidir.
Fermer üçün prosedurlar isə mümkün qədər sadə və anlaşıqlı olmalıdır. Xüsusilə dövlət dəstəyinin hansı meyarlarla veriləcəyi, reytinq sisteminin necə işləyəcəyi, bazara dövlət müdaxiləsinin hansı hallarda həyata keçiriləcəyi və müqaviləli istehsalda tərəflərin hüquqlarının necə qorunacağı əvvəlcədən aydınlaşdırılmalıdır.
Eyni qanun, fərqli praktika olmamalıdır
Ən ciddi risklərdən biri qanunun mərkəzdə müəyyən etdiyi qaydalarla regionlarda fermerin qarşılaşdığı praktikanın bir-birindən fərqlənməsidir. Əgər bir fermer dövlət dəstəyinə müəyyən qaydada çıxış edir, digər regionda isə eyni imkan üçün fərqli yanaşma ilə qarşılaşırsa, qanunun yaratmaq istədiyi sistemin səmərəliliyi zəifləyə bilər.
Bu səbəbdən nəzarət mexanizmi də xüsusi əhəmiyyət daşıyır. Qərarların subyektiv yanaşmalardan mümkün qədər qorunması, fermerlərin dövlət dəstəyinə bərabər çıxışının təmin edilməsi və nəticələrin davamlı qiymətləndirilməsi vacibdir.
İqtisadçı-ekspert Eldəniz Əmirovun yanaşmasına görə, mərkəzi qurumun qəbul etdiyi qərarla fermerin rayon səviyyəsində qarşılaşdığı praktika arasında fərq yaranmamalıdır. Nəticədə yeni qanun layihəsi aqrar sahədə məhsuldarlığın, investisiyaların, fermer gəlirlərinin və bazara çıxış imkanlarının artırılması üçün yeni alətlər yarada bilər.
Amma bunun üçün qanunun yalnız hüquqi sənəd kimi qəbul edilməsi kifayət deyil. Aydın tətbiq qaydaları, işlək icra mexanizmi, qurumlararası koordinasiya, effektiv nəzarət və fermer üçün əlçatan prosedurlar təmin olunmalıdır. Əks halda, qanunda nəzərdə tutulan imkanlarla onun real həyatda yaratdığı nəticə arasında ciddi fərq yarana bilər.
S.Abdulla