Kolbasa demensiya riskini artırır? –Gündə əlavə 25 qramla bağlı xəbərdarlıq

Həkim-dietoloq, tibb elmləri namizədi Darya Rusakova “Veçernaya Moskva” radiosuna bildirib ki, emal olunmuş ətin müntəzəm istehlakı demensiya riskini artıra bilər.

Onun sözlərinə görə, bu cür məhsulların gündəlik qəbulunun hər əlavə 25 qramı riskin 44–52 faiz artması ilə əlaqələndirilir.

Mütəxəssis emal olunmuş ət məhsullarına kolbasa, bekon, vetçina, ət dilimləri və toyuq ruletlərini aid edib.

Dietoloqun fikrincə, bu məhsulların tərkibində olan nitratlar, nitritlər, konservantlar və dad gücləndiricilər qan damarlarına mənfi təsir göstərə və orqanizmdə iltihabi prosesləri dəstəkləyə bilər.

Risklərə məhsulların tərkibində natrium və doymuş yağların yüksək olması, həmçinin ultraemal olunmuş qidaların bağırsaq mikrobiomuna mümkün təsiri də daxildir.

Dietoloq hesab edir ki, siqaret çəkmək, qidada karbohidratların həddindən artıq olması və tərəvəzlərin az qəbul edilməsi kimi amillər də bu risklərə təsir göstərə bilər.

Gündə nə qədər emal olunmuş ət yemək olar?

Rusakova emal olunmuş ət məhsullarının qəbulunu təxminən gündə 50 qramla məhdudlaşdırmağı tövsiyə edir.

Onun sözlərinə görə, kolbasa və digər emal olunmuş məhsulların əvəzinə əlavəsiz qaynadılmış və ya sobada bişirilmiş mal əti, donuz əti və ya dana ətinə üstünlük vermək daha məqsədəuyğundur.

Dietoloq rasiona yağlı balıq, qoz-fındıq, paxlalılar, quş əti, giləmeyvə və yarpaqlı göyərtilərin də əlavə edilməsini məsləhət görür.

Bununla belə, mütəxəssis emal olunmuş ətdən tamamilə imtina etməyin vacib olmadığını bildirir. Onun sözlərinə görə, balanslaşdırılmış qidalanma fonunda həftədə bir dəfə keyfiyyətli kolbasadan bir neçə dilim istifadə etmək koqnitiv funksiyalara ciddi təsir göstərməyə bilər.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.