Polşanın şərqində Rusiyaya məxsus iki raket və reaktiv dron yerə düşüb.
Hadisə noyabrın 20-də Rusiya ordusunun Ukraynaya hücumu zamanı baş verib.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ölkənin şərqində iki Rusiya raketi və reaktiv pilotsuz uçuş aparatı aşkarlanıb.
“Rzeczpospolita” nəşrinin hakimiyyət orqanlarına istinadən yaydığı ilkin məlumata görə, X-101 tipli qanadlı raketlərdən biri ölkənin cənub-şərqində, Lyublin voyevodalığının Novı Lipovets kəndi yaxınlığındakı sahədə tapılıb. İkinci eyni tipli raket isə Podkarpat voyevodalığında, Rudnik-nad-Sanem şəhəri yaxınlığındakı meşəlik əraziyə düşüb. Dronun qalıqları Molodiç kəndinin əkinə yararsız torpaq sahələrində aşkarlanıb.
Hər üç yaşayış məntəqəsi Ukrayna sərhədindən 45–90 kilometr məsafədə yerləşir.
Kosinyak-Kamışın sözlərinə görə, Varşava hava hücumundan müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib, həmçinin Rzeszuv-Yasionka hava limanının təhlükəsizliyini təmin etmək üçün qırıcı təyyarələri havaya qaldırıb. Bu hava limanı Ukraynaya Qərb yardımının çatdırılmasında əsas logistika mərkəzlərindən biridir.
“Biz Rusiyanın növbəti təxribatı ilə üzləşmişik. Məncə, hadisənin baş verdiyi tarix təsadüfi deyil. Bu gün “Könüllülər koalisiyası” hərbi təlimlər keçirir. Ondan çox ölkənin hərbçiləri bizim hərbi aviasiyanın fəaliyyət göstərdiyi ərazilərin yaxınlığındadır”, – deyə nazir bildirib.
O əlavə edib ki, Rusiya təyyarə və pilotsuz aparatlarının düşdüyü ərazilərdə heç bir obyektə ziyan dəyməyib.
“Artıq indidən demək olar ki, Rusiyanın bu hücumu Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ən böyük hücumlardan biri olub. Bu, Rusiyanın dayanmadığını, əksinə, yol verilən hədləri genişləndirdiyini göstərir”, – deyə Kosinyak-Kamış vurğulayıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəhbəri, general İreneuş Novak isə bildirib ki, Polşa hərbçiləri ölkənin hava məkanına daxil olmaq təhlükəsi yaradan 11 obyektlə eyni vaxtda qarşılaşıblar.
Hava təhlükəsi ilə əlaqədar Lyublin və Rzeszuv hava limanlarının fəaliyyəti də müvəqqəti dayandırılıb.
N.Talıblı
