Yer kürəsi fırlanmağı dayandırsaydı nə baş verərdi?– Dəhşətli simulyasiya yayıldı

Yer kürəsi
Yer kürəsi

Sosial şəbəkələrdə populyarlaşan yeni bir trend internet istifadəçilərini yenidən heyrətə gətirib. Yer kürəsinin qəfil fırlanmasını dayandırması halında planetdə nələrin baş verəcəyini göstərən detallı simulyasiya sosial şəbəkələrdə geniş yayılıb.

Elm hazırda Yer kimi nəhəng səma cisminin fırlanmasını dayandıra biləcək real ssenari tanımır. Lakin kontent müəlliflərinin, o cümlədən “Lunar Cheeseee” adlı bloqerin hazırladığı virtual model belə bir hadisənin mümkün nəticələrinin miqyasını əyani şəkildə göstərir.

Bu barədə “LadBible” yazır.

Ətalət kabusu: niyə hər şey şərqə doğru uçardı?

Yer real həyatda böyük sürətlə fırlanır. Ekvatorda planetin fırlanma sürəti təxminən 1669 km/saat təşkil edir.

Əgər Yer yavaşlamağa başlasaydı, nəticələr dərhal özünü göstərərdi. Ətalət qanunu qəfil əyləc edən avtomobildə olduğu kimi işləyərdi: avtomobil dayanır, lakin kəmər taxmamış sərnişin hərəkətini davam etdirərək irəli atılır.

Yer kürəsi üçün bu o deməkdir ki, atmosfer, okeanlar, binalar və insanlar əvvəlki hərəkət sürətlərini qoruyardı. İlk təhlükəli nəticələrdən biri Yer qabığında nəhəng çatların yaranması və canlıların tarazlığını itirməsi olardı.

Fırlanma sürəti 1654 km/saata düşdükdə səthdəki obyektlər yerlərindən qoparaq böyük sürətlə şərq istiqamətində hərəkət etməyə başlayardı.

Sivilizasiyanın mərhələli dağılması

Virtual rekonstruksiya planetin fırlanma sürəti azaldıqca ətrafdakı hər şeyin necə dağılacağını göstərir:

Təxminən 1287 km/saat: Yol nişanları, avtomobillər və kiçik tikililər yerdən qoparaq səth boyunca sürüşməyə və qarşılarına çıxanlara ölümcül zərbələr endirməyə başlayardı.

1127 km/saat: Nəhəng ətalət qüvvəsinin təsiri ilə dəmir-beton göydələnlər dağılmağa başlayardı. Yer səthində insanın sağ qalması artıq mümkün olmazdı.

483–322 km/saat: Ən dəhşətli mərhələlərdən biri başlayardı. Hava ətalətin təsiri ilə supersəsli küləyə çevrilərdi. Atmosferdə yalnız sivilizasiyanın dağıntıları və nəhəng okean su kütlələri hərəkət edərdi.

Xilas olmaq üçün qütblərə getmək mümkündürmü?

Simulyasiyanı izləyənlərin bir qismi hesab edib ki, Şimal və ya Cənub qütbündə olan insanların sağ qalmaq şansı daha yüksək ola bilər. Bunun səbəbi fırlanma oxunun məhz bu nöqtələrdən keçməsi və səthin oradakı xətti sürətinin sıfıra yaxın olmasıdır.

Lakin alimlər qütbləri təhlükəsiz sığınacaq hesab etmirlər. Ətalət nəticəsində yerlərindən qopan nəhəng okean kütlələri qütblərə doğru hərəkət edərək görünməmiş gücdə sunamilər yarada bilərdi.

Bundan başqa, su kütlələrinin yaratdığı dinamik zərbə planet boyunca genişmiqyaslı tektonik dəyişikliklərə səbəb ola bilərdi.

Əgər Yer tədricən deyil, qəfil şəkildə fırlanmasını dayandırsaydı, onun səthindəki bütün maddi obyektlər həmin anda nəhəng kinetik enerji daşıyan ölümcül obyektlərə çevrilərdi.

Qeyd etmək lazımdır ki, bu ssenari elmi proqnoz deyil, hipotetik simulyasiyadır. Yer kürəsinin fırlanmasını qəfil dayandırması üçün real fiziki mexanizm məlum deyil.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.