Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, NATO hücum ssenariləri üzrə fəal təlimlər keçirir və Rusiya ilə Belarusun sərhədləri yaxınlığında koalisiya hərbi mövcudluğunu artırır.
TASS-ın məlumatına görə, Belousov bu barədə Minskdə iki ölkənin hərbi qurumlarının birgə kollegiyasının iclasında danışıb.
O, həmçinin qeyd edib ki, 2027-ci ilədək NATO-nun şərq cinahında yerləşən səkkiz çoxmillətli batalyon taktiki qrupunun briqada səviyyəli hərbi birləşmələrə çevrilməsi planlaşdırılır. “Alyansın ölkələrimizə qarşı hücum ssenarilərinin işlənib hazırlandığı hərbi təlimlər keçirilir”, – deyə Belousov bildirib.
Müdafiə naziri əlavə edib ki, NATO, Avropa İttifaqı və Ukrayna hakimiyyəti şüurlu şəkildə gərginliyin artırılması yolunu seçirlər. Belousovun sözlərinə görə, Avropanın sürətləndirilmiş hərbiləşdirilməsi xüsusi təhlükə yaradır. Bundan əvvəl Rusiya müdafiə naziri MDB-yə üzv dövlətlərin müdafiə nazirləri şurasının iclasının dünyada və Birliyin sərhədləri boyunca mürəkkəb hərbi-siyasi vəziyyət fonunda keçirildiyini bildirmişdi.
Onun fikrincə, mövcud vəziyyət region ölkələrinin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətlərin əlaqələndirilməsini və səylərin birləşdirilməsini tələb edir.
N.Talıblı
