ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff müharibənin dayandırılmasına yönəlmiş Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə danışıqların konstruktiv keçdiyini bildirib. Onun sözlərinə görə, növbəti mərhələdə ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar keçiriləcək.
“Cared Kuşnerlə birlikdə Osloda və Sankt-Peterburqda Rusiya, Ukrayna və Avropa liderləri ilə görüşərək Prezident Trampın müharibəni dayandırmaq səylərini irəli aparmağa çalışdıq”, – deyə Uitkoff X sosial şəbəkəsində yazıb.
O bildirib ki, Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər sülh nizamlanmasının çərçivə planını və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Osloda keçirilən danışıqlarda əldə edilmiş irəliləyiş əsasında atılacaq növbəti addımları müzakirə ediblər.
Uitkoff ABŞ vətəndaşı Stiven Habbarın azadlığa buraxılmasına görə də Putinə təşəkkür edib. Onun sözlərinə görə, Habbar ailəsinin yanına qayıda biləcək.
“Qarşıda hələ çox mühüm işlər olsa da, Prezident Tramp bu müharibəni dayandırmağa, gələcək nəsillərin təhlükəsizliyini və rifahını təmin edəcək hərtərəfli və davamlı sülhə nail olmağa sadiqdir”, – deyə xüsusi elçi vurğulayıb.
