Həkimlər xəbərdarlıq edirlər ki, ənənəvi olaraq faydalı hesab edilən bəzi balıq növləri insan sağlamlığı üçün təhlükə yarada bilər.
Sağlam qidalanmanın əsas məhsullarından sayılan dəniz balıqları tərkibində toplanan kimyəvi maddələrə görə insan orqanizmi üçün risk mənbəyinə çevrilə bilər.
Verywell Health nəşrinin yazdığına görə, Serbiya və Yunanıstan alimləri dəniz balıqlarının tərkibində polixlorlaşdırılmış bifenillərin (PCB) miqdarını araşdırdıqdan sonra bu qənaətə gəliblər.
Bu maddələr əvvəllər sənayedə, xüsusilə plastik, lak, boya və elektrik avadanlıqlarının istehsalında geniş istifadə olunub. Lakin onların toksikliyi və dəniz canlılarının orqanizmində toplanmaq xüsusiyyəti sağlamlıq üçün ciddi təhlükə yaradır.
Zəhərli maddələr qida zənciri ilə insan orqanizminə keçir
Tədqiqatlar göstərib ki, PCB-lərin istifadəsinə onilliklər əvvəl qadağa qoyulmasına baxmayaraq, onların suda və canlı orqanizmlərdə konsentrasiyası hələ də yüksək olaraq qalır. Balıqlar ətraf mühitdən zərərli maddələri mənimsəyir və bu maddələr qida zənciri vasitəsilə yayılır. Nəticədə toksinlər insan orqanizminə də daxil olur. Çirklənmiş balığın istehlakı qaraciyərin və endokrin sistemin fəaliyyətinin pozulması, hətta onkoloji xəstəliklər də daxil olmaqla, ağır xroniki xəstəliklərin yaranması ilə əlaqələndirilir.
Xüsusilə narahatlıq doğuran məqamlardan biri PCB-lərin parçalanmasının çox uzun müddət çəkməsidir. Bu isə onların okean ekosistemlərində uzun illər qalması deməkdir. Bundan əlavə, dəniz balıqlarının ətində son dərəcə zəhərli birləşmələr qrupu olan dioksinlərin də yüksək konsentrasiyası aşkar edilib.
Kürüləmə dövründə təhlükə arta bilər
Dəniz çapağı və levrek kimi bəzi balıq növlərində aşkar edilmiş çirkləndiricilərin səviyyəsi formal olaraq icazə verilən normalar daxilində olsa da, alimlər başqa bir məqama diqqət çəkirlər. Balıqlar kürüləməyə hazırlaşarkən piy ehtiyatları parçalanır və bu proses toxumalarda toksinlərin konsentrasiyasının kəskin artmasına səbəb ola bilər. Bu səbəbdən həmin dövrdə belə balıqların istehlakı sağlamlıq baxımından xüsusilə riskli hesab edilir.
Dəniz canlılarının zəhərli maddələrlə çirklənməsi ərzaq təhlükəsizliyi və dəniz məhsullarının keyfiyyətinə ciddi nəzarət məsələsini gündəmə gətirir.
Alimlər dəniz və okeanlardakı çirklənmənin monitorinqinin gücləndirilməsinə, eləcə də sənaye tullantılarının sudan təmizlənməsi üçün daha səmərəli üsulların hazırlanmasına çağırırlar.
Sunay Aydın
