Yatmazdan əvvəl yeyilən pendir və şirniyyatlar yuxunun keyfiyyətini pisləşdirə və gecə kabus görmə hissini gücləndirə bilər. Bu barədə tibb elmləri namizədi, dietoloq, Sankt-Peterburq Dövlət Universitetinin tibb fakültəsinin dosenti Andrey Bobrovski Sputnik radiosuna müsahibəsində danışıb.
Onun sözlərinə görə, pendir və şirniyyatların məhz kabuslarla əlaqəsi hələlik daha çox insanlar arasında yayılan müşahidədir. Lakin yatmazdan əvvəl ağır yemək yeməyin normal yuxuya mane olduğu məlumdur.
Bobrovski izah edib ki, çox miqdarda kalorili, yağlı, acılı və ya şirin qida qəbul edildikdə orqanizm həm yeməyi həzm etməyə, həm də qanda şəkərin səviyyəsini tənzimləməyə çalışır. Nəticədə yuxu daha səthi olur və insan gecə ərzində daha tez-tez oyanır. Oyandıqdan sonra insan yuxularını daha yaxşı xatırladığı üçün ona kabus gördüyü kimi gələ bilər.
Həkim yaxşı yuxuya mane ola bilən məhsullar arasında kofeinli içkiləri, alkoqolu, şirniyyatları, pendirləri və hisə verilmiş qidaları sadalayıb. Kofein təkcə qəhvədə deyil, tünd çayda, kolada, enerji içkilərində və tünd şokoladda da var. Onun qandan xaric olması 6–8 saat çəkə bilər.
Alkoqol insanın tez yuxuya getməsinə kömək etsə də, gecənin ikinci yarısında yuxunu fasiləli və narahat edə bilər.
Mütəxəssis sonuncu yeməyin yatmazdan 2–3 saat əvvəl qəbul edilməsini, yüngül qidalara və kiçik porsiyalara üstünlük verilməsini tövsiyə edib.
Onun sözlərinə görə, bir stəkan kefir, az miqdarda kəsmik və ya bir alma yatmazdan əvvəl pendir və şirniyyat yeməkdən daha münasib seçimdir.
Əgər insan yorğunluq, stress və ya darıxmaq səbəbindən gecə yemək yeyirsə, yalnız qida rasionuna deyil, bu davranışın arxasında duran səbəblərə də diqqət yetirməlidir.
Sunay Aydın
