İran ABŞ-la hərbi əməliyyatların yenidən başlaması ehtimalı fonunda Yaxın Şərq ölkələrindən Vaşinqtona dəstək verməkdən imtina etmələrini tələb edib.
Azpost.info-nun məlumatına görə, bu barədə oktyabrın 23-də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda-Hüseyn Məleki bildirib.
“Region ölkələrinə ultimatum çatdırılıb: ABŞ-a istənilən formada dəstəyi dayandırsınlar. 40 günlük müharibə zamanı ABŞ-ın İrana hücum etmək üçün istifadə etdiyi istənilən ölkənin ərazisindəki hərbi bazalara zərbələr endirmişik”, – deyə Məleki RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar yenidən başlasa, Tehran regionun ərəb və digər dövlətlərindən hansılarının ABŞ qüvvələrinə dəstək verməyə hazır olduğunu müəyyən edə biləcək. Məleki qeyd edib ki, İran tərəfi bununla bağlı müvafiq məlumatları həmin ölkələrə əvvəlcədən çatdırıb və hazırda vəziyyətin inkişafını izləyir.
İranlı deputat vurğulayıb ki, ABŞ qüvvələrinə dəstək veriləcəyi təqdirdə Tehranın cavabı həmin dövlətlərin ərazisindəki hərbi obyektlərə zərbələr endirməklə məhdudlaşmaya bilər.
Onun sözlərinə görə, belə ölkələr İran tərəfindən düşmən dövlətlər kimi qiymətləndirilə bilər.
